ABŞ–İran münasibətlərində gərginliyin yenidən artması regionda mümkün hərbi eskalasiya və onun Azərbaycana təsirləri ilə bağlı narahatlıqları gündəmə gətirib. ABŞ administrasiyasının İrana qarşı taktiki nüvə silahından istifadə imkanlarını müzakirə etdiyi barədə yayılan məlumatlar isə təhlükənin miqyası ilə bağlı suallar yaradıb.
Bəs Vaşinqtonun İrana qarşı nüvə silahından istifadə etməsi nə dərəcədə realdır? Belə bir ssenari baş verərsə, radioaktiv çirklənmənin Azərbaycana təsirləri ola bilərmi və ölkəmiz bu təhlükəyə qarşı hansı hazırlıqları görməlidir?
Referans Media-ya açıqlama verən politoloq Elşad Hüseyinov hesab edir ki, hazırkı mərhələdə ABŞ-ın İrana qarşı nüvə silahından istifadə etməsi ehtimalı sıfıra yaxındır. Bununla belə, o, mümkün təhlükə ssenarilərinə qarşı Azərbaycanın hazırlıqlı olmasının vacibliyini vurğulayıb.
“ABŞ-ın İrana qarşı taktiki nüvə silahından istifadə etməsi müzakirə olunurdu”
Politoloq bildirib ki, ABŞ administrasiyasında İrana qarşı taktiki nüvə silahından istifadə məsələsinin müzakirə edildiyi barədə məlumatlar yayılıb. Bu müzakirələrin İranın “Fordo” nüvə obyekti ilə əlaqəli olduğunu qeyd edib:
“ABŞ–İran münasibətləri yenidən gərginləşmişdir. ABŞ-ın nüfuzlu jurnallarından birinin nümayəndəsi Karlson bildirdi ki, ABŞ administrasiyasında İrana qarşı taktiki nüvə silahından istifadə olunması məsələsinə baxılır. Bu, əsasən İranın “Fordo” nüvə obyektinin altında nüvə proqramını həyata keçirməsi ilə bağlı olan məlumatlar idi. Bu məlumatlar da, təbii ki, İsrailə ötürülmüşdü ki, oranı ancaq və ancaq nüvə silahı ilə vurub dağıtmaq olar”.
“ABŞ-ın nüvə silahından istifadə ehtimalı sıfıra yaxındır”
Elşad Hüseyinovun fikrincə, hazırda ABŞ-ın İrana qarşı nüvə silahından istifadə etməsi real görünmür. O, bu qənaətini ABŞ-da daxili siyasi vəziyyət və Tramp administrasiyasının qarşılaşdığı siyasi çətinliklərlə əlaqələndirib:
“Belə bir təhlükə var idi, ancaq aralıq seçkilərindən sonra hesab edirəm ki, bu təhlükə sovuşdu. Çünki nüvə silahından istifadənin Konqresin mütləq razılığını tələb etdiyini düşünürəm. Bu razılığın respublikaçılara verilməsi mümkün görünmürdü. Son zamanlar gördük ki, Trampın Rusiya ilə dizel müqaviləsi bağlamasından sonra respublikaçılar ona qarşı, həmin müqavilənin ləğv olunmasına yönələn qanun hazırladılar.
Məhz aralıq seçkilərində, noyabr ayında hər iki palatada uduzması Trampın səhv siyasəti, ilk növbədə İranla müharibə və daha sonra Rusiyaya dəstək olması ilə əlaqələndirilir. Məhz buna görə də artıq seçkidən sonra Tramp nüvə silahının İrana qarşı istifadəsinə qətiyyətlə yox dedi. Bunun olmayacağını bildirdi. Ancaq İranı artıq 90 faiz udduqlarını, məhv etdiklərini, onların məsələsinin asan olduğunu da ifadə etdi”.
“Nüvə ritorikasını gündəmə gətirmək doğru deyil, amma Azərbaycan hazır olmalıdır”
Politoloq hesab edir ki, hazırkı şəraitdə nüvə silahından istifadə ilə bağlı ritorikanın gücləndirilməsi düzgün yanaşma deyil. Bununla belə, o, hər bir dövlətin mümkün fövqəladə ssenarilərə hazır olmasının vacibliyini qeyd edib:
“Ona görə hesab edirəm ki, bu gün nüvə ritorikasını işlətmək yerində deyil. Amma təbii ki, hər bir dövlət hər şeyə hazır olmalıdır. İran mediası da məhz buna görə öz əhalisinə nüvə partlayışından sağ çıxmağın yollarını izah edir.
Əvvəllər məktəblərdə və ali təhsil müəssisələrində mülki müdafiə dərsləri keçirilirdi. Qaz əleyhinə qurğulardan istifadə, insanların sığınacaqlarda, yəni bunkerlərdə gizlənməsi kimi məsələlər öyrədilirdi. Bu gün də belə vasitələr var. Azərbaycanda da, İranda da sığınacaqlar mövcuddur və bu mövzuda maarifləndirmə vacibdir”.
“Radioaktiv tullantılar Azərbaycan ərazisinə keçə bilər”
Elşad Hüseyinov mümkün nüvə zərbəsinin nəticələrinin yalnız İranla məhdudlaşmaya biləcəyini, radioaktiv çirklənmənin Azərbaycanın ərazisinə də yayıla biləcəyini bildirib. Onun sözlərinə görə, bu ehtimal ölkəmizdə mülki müdafiə tədbirlərinin gücləndirilməsini zəruri edir:
“Əgər belə bir hadisə baş verərsə, İrana düşən taktiki nüvə silahının yaratdığı radioaktiv tullantılar Azərbaycan ərazisinə keçə bilər. Biz də buna hazır olmalıyıq. Əhalimiz hazırlıqlı olmalı, yerli sığınacaqlar mövcud olmalı, eyni zamanda qaz əleyhinə qurğulardan istifadə qaydaları öyrədilməlidir.
Ona görə hesab edirəm ki, biz ölkə olaraq doğrudan da belə hadisələrə həmişə hazır olmalıyıq”.
“Tramp İrana qarşı yeni hərbi addım atmazdan əvvəl ciddi düşünəcək”
Politoloq sonda ABŞ-ın hazırkı siyasi vəziyyətinin Tramp administrasiyasının İrana qarşı genişmiqyaslı hərbi addımlar atmasını çətinləşdirə biləcəyini vurğulayıb:
“Ancaq hesab edirəm ki, indiki dövrdə Amerikanın İrana qarşı nüvə silahından istifadə etməsi ehtimalı sıfıra yaxındır. Çünki Trampın və onun komandasının apardığı səhv siyasət nəticəsində seçicilər demokratlara səs verdilər və hər iki palatada onlar üstünlük qazandılar. Ona görə də Tramp bundan sonra İrana qarşı ciddi hərbi tədbirlər keçirmək barədə ciddi fikirləşəcək. Çünki bu, onun məğlubiyyətinə gətirib çıxara bilər”.
Sima Babayeva
