TƏCİLİ! Dünya 7 noyabrı gözləyir: İki gün sonra nə baş verəcək?

ABŞ-ın İranla münasibətlərində gərginlik davam edir. Donald Tramp administrasiyasının İrana qarşı mümkün hərbi addımları, nüvə proqramı ilə bağlı danışıqlar və regionda artan təhlükəsizlik riskləri beynəlxalq gündəmin əsas mövzularındandır. ABŞ-da siyasi proseslərin və Konqresdəki qüvvələr balansının dəyişməsi Vaşinqtonun Tehranla bağlı qərarlarına necə təsir edə bilər? Trampın İrana qarşı yeni hərbi əməliyyata başlamaq, hətta nüvə silahından istifadə etmək ehtimalı nə dərəcədə realdır?

Referans Media-ya açıqlama verən politoloq Asif Nərimanlı bildirib ki, ABŞ-da keçirilən seçkilərin nəticələri Tramp administrasiyasının maraqlarına uyğun olmayıb.

Onun sözlərinə görə, respublikaçıların Konqresdə və Nümayəndələr Palatasında çoxluğu itirməsi, demokratların qalib gəlməsi Trampın xarici siyasət manevrlərini məhdudlaşdıracaq.

Politoloq qeyd edib ki, ilk növbədə, İranla müharibə məsələsi sual altına düşür. Çünki demokratlar müharibənin əleyhinədirlər. Onlar Konqresdə Trampın xarici siyasətinə məhdudiyyətlər tətbiq etməyə, o cümlədən hərbi xərcləri azaltmağa çalışırlar. Bu da İranla müharibəyə hərbi vəsait ayrılmasını çətinləşdirən amillərdəndir.

Asif Nərimanlının fikrincə, bu kontekstdə Tramp çətin vəziyyətdədir və onun qarşısında İranla bağlı birdən çox ssenari ola bilər.

O bildirib ki, bu, Tramp administrasiyasının səs-küylü şəkildə tamamilə geri çəkiləcəyi və ya ABŞ-ın dərhal İranla razılaşacağı demək deyil. Lakin situasiya dəyişib və Tramp administrasiyası bu vəziyyətə uyğun olaraq İranla bağlı müəyyən ssenarilər üzrə addımlar ata bilər. Bunlardan biri də danışıqlar prosesinin başlanmasıdır.

Politoloq vurğulayıb ki, danışıqlar prosesində İran mütləq şəkildə güzəştə getməli olacaq. Demokratlar müharibənin əleyhinə olsalar da, ümumilikdə ABŞ-da belə bir rəy var ki, İran nüvə proqramından imtina etməlidir.

Onun sözlərinə görə, danışıqlar başlayarsa, prosesin necə nəticələnəcəyi İranın verəcəyi qərarlardan asılı olacaq. Əgər İran nüvə proqramından imtina edərsə, müəyyən anlaşma əldə etmək mümkün ola bilər. Əks halda, Trampın İrana qarşı müharibə planı ABŞ-ın ictimai rəyində, siyasi elitasında, Konqresdə və Nümayəndələr Palatasında dəstək qazana bilər. Belə risklər mövcuddur.

Asif Nərimanlı hesab edir ki, yaxın dövrdə İrana həll edici zərbənin endirilməsi ehtimalı da var.

O qeyd edib ki, Konqresin və Nümayəndələr Palatasının yeni tərkibinin, yəni demokratların çoxluq təşkil etdiyi qüvvələrin gələn ilin yanvarında fəaliyyətə başlaması gözlənilir. Həmin vaxta qədər Trampın bir neçə ayı var.

Politoloq bildirib ki, Trampa seçkilərdəki məğlubiyyətdən sonra həm öz nüfuzunu bərpa etmək, həm də İran məsələsini həll etmək üçün qələbə lazımdır. Çünki seçkilərdəki uğursuzluğun əsas səbəblərindən biri də məhz İran müharibəsidir. Xüsusilə bu müharibənin ABŞ-ın daxili bazarına vurduğu ziyanlar, o cümlədən yanacaq qiymətlərinin artması Trampın əleyhinədir.

Bu səbəbdən, ekspertin fikrincə, Tramp qarşıdakı dövrdə həm İran məsələsini həll etmək, həm də öz nüfuzunu bərpa edərək qələbə qazanmaq üçün İrana qarşı həll edici zərbə endirə bilər.

Nüvə silahından istifadə ehtimalına toxunan Asif Nərimanlı bunun bir qədər şübhəli olduğunu bildirib.

Onun sözlərinə görə, hətta taktiki nüvə silahından istifadə edilməsi, lokal hədəflərə zərbə endirilməsi belə dünyada nüvə təhlükəsini aktuallaşdıra bilər. İkinci Dünya müharibəsindən sonra ABŞ-ın nüvə silahından istifadə etməsi ilə bağlı müəyyən anlaşmalar əldə olunub. Hətta düşmən ölkələr, məsələn, Rusiya və ABŞ zaman-zaman geosiyasi gərginlik yaşasalar da, nüvə məsələsini ortaq şəkildə kənarda saxlayıblar.

Politoloq qeyd edib ki, ABŞ-ın nüvə silahından istifadə etməsi qlobal miqyasda ciddi problemlər yarada və bir növ presedent formalaşdıra bilər. Bu halda, nüvə silahına malik digər ölkələr də müəyyən hədəfləri vurmaq və ya öz istəklərini reallaşdırmaq üçün belə bir addım ata bilərlər.

Asif Nərimanlı misal olaraq bildirib ki, ABŞ İrana qarşı lokal hədəfləri vurmaq üçün taktiki nüvə silahından istifadə edərsə, bu, Rusiya üçün də Ukraynaya qarşı belə bir addım atmaq baxımından yeni presedent yarada bilər.

Ekspert hesab edir ki, bu ehtimalın çətin tərəfləri kifayət qədər çoxdur və nüvə zərbəsi ehtimalı zəif görünür. Bu məsələ beynəlxalq müstəvidə zaman-zaman müzakirə olunsa da, belə bir addımın atılması çətin görünür.

Onun fikrincə, İrana qarşı daha çox həll edici zərbə endirilməsi, genişmiqyaslı müharibəyə başlanılması və bununla paralel olaraq İranın neft ixracının sıradan çıxarılması ilə bağlı addımların atılması ehtimal olunur. Bu, İranın əsas gəlir mənbəyinin kəsilməsinə yönələ bilər.

Politoloq bildirib ki, İranın iqtisadi potensialının sıradan çıxarılması və iqtisadi çətinliklərə məruz qalması hakimiyyətə təzyiq göstərmək məqsədi daşıya bilər. Lakin indiyə qədərki müharibə təcrübəsi göstərir ki, belə addımlar hakimiyyətin təslim olmasına məcbur etmək üçün kifayət etmir.

Asif Nərimanlı hesab edir ki, əgər İrana qarşı zərbə endirilərsə, bu, genişmiqyaslı hücum ola bilər. Bununla paralel olaraq İranın iqtisadi potensialının zəiflədilməsi və iqtisadi tənəzzülə məruz qalması istiqamətində addımlar atıla bilər.

Politoloq əlavə edib ki, hazırda əsas diqqət noyabrın 7-si məsələsinə yönəlib. Bu tarix ABŞ-ın yaxın ərazilərdəki qüvvələrinə hazırlıqla bağlı müəyyən göstərişlərin verilməsi ilə əlaqələndirilir.

Onun sözlərinə görə, təxminən bir ay davam edən hazırlıq prosesi var və bu prosesin noyabrın 7-dək başa çatacağı ehtimal olunur. Bundan sonra zərbənin endirilə biləcəyi ilə bağlı fikirlər səsləndirilir. Lakin burada konkret hədəfdən söhbət getmir.

Asif Nərimanlı bildirib ki, ümumilikdə bu ay və gələn ay ərzində, qarşıdakı günlərdə və həftələrdə İrana qarşı hərbi məqsədli hücumun həyata keçirilməsi ehtimalı var.

Politoloq yekun olaraq qeyd edib ki, əsas məqsəd İranı danışıqlar masasına gətirmək və ABŞ-ın istəklərinə uyğun razılaşmaya məcbur etməkdir. Trampın seçkilərdəki məğlubiyyətindən sonra qələbəyə ehtiyacı var və bu qələbəni İran üzərindən əldə etməyə çalışması ehtimallardan biridir.

Gülnaz Abdullazadə

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki