CNN: Dörd gün ərzində 124 gəmi Hörmüz boğazından keçib

İyunun 25-dən bəri ümumilikdə 124 yükdaşıyan gəmi Hörmüz boğazından keçib.

Referans MEDİA bildirir ki, bu barədə CNN "Kpler" şirkətinin məlumatlarına istinadən xəbər yayıb.

Məlumata görə, bu göstərici İran, ABŞ və İsrail arasında müharibənin başlamasından əvvəl hər gün boğazdan keçən gəmilərin sayı ilə müqayisə oluna biləcək səviyyədədir.

Hörmüz boğazı dünya enerji bazarı üçün strateji əhəmiyyət daşıyır. Qlobal neft ticarətinin təxminən 25 faizi və mayeləşdirilmiş təbii qaz (LNG) ticarətinin təxminən 20 faizi məhz bu marşrut vasitəsilə həyata keçirilir.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlamış, hücumlar paytaxt Tehran da daxil olmaqla ölkənin iri şəhərlərini hədəf almışdı.

Buna cavab olaraq SEPAH İsrailə qarşı genişmiqyaslı raket əməliyyatı həyata keçirdiyini açıqlamışdı. Eyni zamanda ABŞ-ın Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanındakı hərbi obyektləri də hücuma məruz qalmışdı.

Bundan sonra İran ABŞ, İsrail və İslam Respublikasına qarşı hərbi əməliyyatları dəstəkləyən ölkələrlə əlaqəli gəmilər üçün Hörmüz boğazını bağladığını elan etmişdi.

İyunun ortalarında ABŞ və İran bütün cəbhələrdə, o cümlədən Livanda hərbi əməliyyatların dərhal dayandırılmasını nəzərdə tutan anlaşma memorandumu imzalayıblar.

İyunun 21-22-də isə tərəflər memorandumun icrası ilə bağlı Bürgenstokda danışıqlar aparıblar. Görüşlər Qatar və Pakistanın vasitəçiliyi ilə baş tutub.

İlk danışıqlar raundundan sonra Qətər və Pakistanın yaydığı birgə bəyanatda ABŞ və İran nümayəndələri arasında keçirilən görüşlərin müsbət və konstruktiv atmosferdə keçdiyi, texniki məsləhətləşmələrin davam etdirilməsi üçün əsas çərçivənin formalaşdırıldığı bildirilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki