Həkim 50 yaşdan sonra ana olanlar barədə: “Tövsiyə olunan hal deyil, çünki..."

Son illər reproduktiv texnologiyaların inkişafı sayəsində 50 yaşdan sonra ana olan qadınların sayı artmaqdadır. Azərbaycanda da 63 yaşlı qadının övlad dünyaya gətirməsi cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Bir tərəfdən bu, tibbin imkanlarının genişlənməsi kimi qiymətləndirilir, digər tərəfdən isə belə hamiləliklərin ana və körpə üçün yarada biləcəyi risklər gündəmə gətirilir. Mütəxəssislər bildirirlər ki, yaşın artması hamiləliyi mümkünsüz etmir, lakin riskləri əhəmiyyətli dərəcədə artırır. Bu səbəbdən 50 yaşdan sonra baş verən hamiləliklər yüksək riskli hesab olunur və xüsusi tibbi nəzarət tələb edir. Digər tərəfdən, cəmiyyətdə, ahıl yaşda dünyaya uşaq gətirmək də birmənalı qarşılanmır. “Bu yaşda uşaq olarmı?”, “Bu nə məsuliyyətsilikdir”, “valideynlər vəfat edərsə, uşaq necə olacaq” kimi fikirlər səslənidirilir.


Referans Media xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hamiləlik üçün konkret yaş həddi müəyyən etməsə də, bütün hamilə qadınların, xüsusilə də yüksək risk qrupuna daxil olanların müntəzəm tibbi nəzarətdə olmasını tövsiyə edir. Təşkilatın antenatal qulluq üzrə tövsiyələrində qeyd olunur ki, hamiləlik erkən mərhələdən etibarən izlənilməli, mümkün ağırlaşmalar vaxtında aşkarlanmalı və hər bir qadına fərdi yanaşma tətbiq edilməlidir.
Amerikanın Mama-Ginekoloqlar Kollecinin (ACOG) 2022-ci ildə dərc etdiyi konsensus sənədində bildirilir ki, 35 yaşdan yuxarı hamiləliklər "irəli ana yaşı" (advanced maternal age) hesab olunur. Yaş artdıqca həm ana, həm də döl üçün risklər yüksəlir. Xüsusilə 40 yaşdan sonra yüksək qan təzyiqi, hestasion diabet, preeklampsiya, erkən doğuş və qeysəriyyə əməliyyatı ehtimalı daha yüksək olur.


Sənədin müəlliflərindən biri, amerikalı mama-ginekoloq Judette Louis bildirir ki, risklər yaşla birlikdə artsa da, qadına yalnız yaşına görə qiymət vermək düzgün yanaşma deyil: "Hər bir qadının ümumi sağlamlıq vəziyyəti ayrıca qiymətləndirilməlidir. Yaş vacib amildir, lakin yeganə göstərici deyil”. Amerikalı mama-ginekoloq Jacquelyn Means isə vurğulayır ki, 35 yaşdan yuxarı qadınların böyük əksəriyyəti sağlam hamiləlik keçirir: "Əsas məsələ hamiləlikdən əvvəl sağlamlığın qiymətləndirilməsi və hamiləlik dövründə müntəzəm tibbi nəzarətin təmin olunmasıdır".
Reproduktiv tibb üzrə beynəlxalq mütəxəssislər isə bildirirlər ki, 45 yaşdan sonra təbii yolla hamilə qalmaq ehtimalı çox aşağıdır. 50 yaşdan sonra qeydə alınan hamiləliklərin əksəriyyəti süni mayalanma (IVF) və donor yumurtahüceyrəsinin tətbiqi nəticəsində baş tutur.
Bununla yanaşı, bu yaşda hamiləlik zamanı yüksək təzyiq, şəkərli diabet, tromboz, preeklampsiya, erkən doğuş və digər ağırlaşmaların yaranma ehtimalı da artır. Buna görə də həkimlər belə hamiləliklərin yalnız tam tibbi müayinə və ciddi nəzarət şəraitində davam etdirilməsini məqsədəuyğun hesab edirlər.
Mütəxəssislərin ümumi qənaətinə görə, müasir tibb 50 yaşdan sonra ana olmağı mümkün etsə də, belə hamiləliklər hər qadın üçün uyğun deyil. Qərar qəbul edilərkən qadının ümumi sağlamlıq vəziyyəti, yanaşı xəstəlikləri və mümkün risklər hərtərəfli qiymətləndirilməlidir.
Bakı Ağrı Klinikasının baş həkimi Zülfüqar Yusifov Musavat.com-a mövzu ilə bağlı fikrini bölüşüb. Onun sözlərinə görə, belə hallara epizodik və ya sporadik şəkildə zaman-zaman rast gəlinir: "Lakin bu, həkimlərin geniş şəkildə tövsiyə etdiyi bir hal deyil. Səbəb ondan ibarətdir ki, insan orqanizminin müxtəlif yaş dövrlərində fərqli fizioloji imkan və funksiyaları olur. Sağlam hamiləliyin baş tutması, sağlam övladın dünyaya gəlməsi və onun sonrakı inkişafı üçün müəyyən yaş dövrü daha əlverişli hesab edilir. Digər tərəfdən, məsələnin ana sağlamlığı ilə bağlı tərəfləri də var. Müəyyən yaş həddindən sonra həm ana, həm də körpə üçün risklər artmağa başlayır, müxtəlif ağırlaşmaların yaranma ehtimalı yüksəlir. Sağlam nəslin dünyaya gəlməsi və yetişdirilməsi baxımından da bu yaşlarda hamiləlik o qədər də məqsədəuyğun hesab olunmur. Məhz buna görə tibb elmi qadınlara müəyyən yaş dövrünə qədər ana olmağı tövsiyə edir. Bununla belə, zaman-zaman irəli yaşlarda ana olan qadınlarla bağlı məlumatlar da eşidirik. Deməli, belə halların baş verməsi mümkündür, sadəcə, bu, yüksək riskli hamiləlik hesab olunur və xüsusi tibbi nəzarət tələb edir”.

Həkim məsələnin sosial-psixoloji tərəflərinə də münasibət bildirib: “Yetkin yaşda olan övladlar analarının yenidən ana olmaq qərarını bəzən qəbul etməkdə çətinlik çəkirlər. Bu da ailədaxili qısqanclığa və müəyyən psixoloji problemlərə səbəb olur. Böyük övladlarda gələcəklə bağlı narahatlıq da yaranır. Onlar düşünürlər ki, valideynlər yaşlandıqca kiçik bacı və ya qardaşlarının qayğısı onların üzərinə düşəcək. Valideynlərin ahıl dövrü uşağın yeniyetməlik və ya təhsil illərinə təsadüf etdiyindən, ailənin həm mənəvi, həm də maddi yükünün böyük övladların üzərinə keçəcəyi ilə bağlı narahatlıq formalaşır.
Bundan əlavə, cəmiyyətdə hələ də mövcud olan stereotiplər – "bu yaşda uşaq olar?", "camaat nə deyər?" kimi yanaşmalar da yeniyetmə və gənc yaşda olan övladlara psixoloji təzyiq göstərə bilir. Bu səbəbdən onlar valideynlərinin qərarını bəzən eqoist və ya məsuliyyətsiz addım kimi qiymətləndirirlər. Çünki bu qərarın onların həyatına da birbaşa təsir edəcəyini düşünürlər. Məsələnin etik tərəfinə gəlincə isə burada qanunazidd və ya mənəvi baxımdan qəti şəkildə qəbuledilməz hesab edilə biləcək hər hansı məqamdan danışmaq düzgün olmaz. Bu, daha çox fərdi seçim və tibbi risklərin düzgün qiymətləndirilməsi ilə bağlı məsələdir”./Musavat.com


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki