Qızıl alanların nəzərinə: Ekspert ciddi XƏBƏRDARLIQ ETDİ

Son aylarda dünya bazarlarında qızılın qiymətində müşahidə olunan artım diqqət mərkəzinə çevrilib. Qlobal gərginliklər və iqtisadi qeyri-müəyyənlik fonunda investorların qızıla yönəlməsi bu prosesi daha da sürətləndirir. Bəs bu artımın arxasında hansı səbəblər dayanır və proses nə qədər davam edəcək?

Mövzu ilə bağlı Referans Media-ya açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, qızılın bahalaşmasının arxasında bir neçə əsas faktor dayanır.

Onun sözlərinə görə, əsas səbəblərdən biri ABŞ-İran qarşıdurması və Hörmüz boğazı ətrafında artan gərginlikdir. Müharibə və sanksiya riskləri investorları riskli aktivlərdən uzaqlaşdıraraq qızıla yönəldir:
“Qızıl heç bir dövlətin borcu deyil və müharibə şəraitində dəyərini itirmir”.

İqtisadçı qeyd edir ki, digər mühüm amil mərkəzi bankların siyasətidir. Xüsusilə Çin, Türkiyə və bir sıra inkişaf etməkdə olan ölkələr dollar ehtiyatlarını azaldaraq qızıl alışını artırıb:
“2026-cı ilin ilk rübündə mərkəzi banklar rekord həcmdə qızıl yığdı”.

Akif Nəsirli əlavə edib ki, ABŞ-da inflyasiyanın tam cilovlanmaması və dövlət borcunun yüksək səviyyəyə çatması da dolların uzunmüddətli dayanıqlılığına şübhə yaradır. Bununla yanaşı, neft qiymətlərinin artması və daşınma xərclərinin yüksəlməsi qlobal inflyasiya gözləntilərini artırır ki, bu da qızıla tələbi gücləndirir.

Ekspert hesab edir ki, qızıl bazarındakı yüksəlişin davamlılığı birbaşa geosiyasi vəziyyətdən asılıdır:
“İranla bağlı gərginlik davam etsə və mərkəzi banklar qızıl almağa davam etsə, qiymətlər yüksək qalacaq. Amma müharibə dayansa və dollar möhkəmlənsə, qızıl 5-10 faiz ucuzlaşa bilər”.

Onun fikrincə, qısamüddətli enişlər mümkün olsa da, orta müddətdə artım tendensiyası qalır:
“Dünya artıq ‘dollarsızlaşma’ dövrünə daxil olub və qızıla tələb struktur xarakter alıb”.

Akif Nəsirli vətəndaşlar üçün də vacib məqamlara diqqət çəkib. O bildirib ki, inflyasiya və valyuta riskləri fonunda qızıl “təhlükəsiz liman” rolunu oynayır, lakin bütün vəsaiti bu sahəyə yönəltmək doğru deyil:
“Yığımın 10-20 faizini qızılda saxlamaq məntiqlidir. Amma qızıl faiz gətirmir, yalnız qiymət artanda qazandırır”.

Ekspert Azərbaycanda qızıla artan marağın maliyyə sisteminə təsirinə də toxunub. Onun sözlərinə görə, əhalinin manatını dollara çevirərək qızıl alması valyuta bazarında təzyiq yarada bilər. Eyni zamanda, banklara inam azalarsa və vəsaitlər “yastıq altı” qızıla yönələrsə, bu, bank sektorunda likvidlik probleminə səbəb ola bilər.

Bununla yanaşı, Mərkəzi Bankın da qızıl ehtiyatlarını artırdığı qeyd olunur. Qızıl idxalının artması tədiyə balansına əlavə yük yaratsa da, uzunmüddətli perspektivdə yığımların qorunmasına xidmət edir.

Sonda iqtisadçı vurğulayıb ki, qızılın bahalaşması qlobal risklərin göstəricisidir və bu tendensiya hələ davam edə bilər:
“Əsas məsələ balansı qorumaqdır – qızıl yığım üçün faydalıdır, amma bütün kapitalı ora yönəltmək risklidir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki