Dünya futbolunun əfsanəsi Roberto Karlos hər şeyini necə itirdiyini açıqladı

Braziliya və dünya futbolunun əfsanəvi müdafiəçisi Roberto Karlos futbolçu karyerasından sonra yaşadığı ağır maliyyə böhranı barədə danışıb. 53 yaşlı keçmiş futbolçu menecerləri və ailə məsələləri ilə bağlı problemlər səbəbindən karyerası ərzində qazandığı sərvətin 99 faizini itirdiyini açıqlayıb.

“Referans Media xəbər verir ki, Portuqaliyada keçirilən paneldə çıxış edən Roberto Karlos maliyyə problemlərinin yaranmasında yanlış insanlara güvənməsinin də rol oynadığını bildirib. Keçmiş futbolçu menecerləri və ailə məsələləri ilə bağlı problemlər səbəbindən qazandığı pulların böyük hissəsini itirdiyini deyib.

“Hesabımda heç nə saxlamayan insanlarla problemlər yaşadım. Menecerlər və ailə məsələləri səbəbindən futbolda qazandığım hər şeyin 99 faizini itirdim. Səhvlər etdim. Buna görə gənclərə eyni səhvləri etməməyi tövsiyə edirəm.”

Roberto Karlos həyatında dönüş nöqtəsi olan hadisəni də danışıb. Onun sözlərinə görə, keçmiş meneceri ilə ciddi problem yaşadığı, eyni zamanda ailəsi ilə bağlı ağır bir məsələ ilə üzləşdiyi dövrdə vəziyyət daha da pisləşib. Karlos bildirib ki, cümə axşamı gecə saat 01:00 radələrində yatıb, ertəsi gün isə əvvəllər mövcudluğundan xəbərsiz olduğu bir sıra sənədlərlə qarşılaşıb.

“Bu sənədlər mənim müflis olduğumu göstərirdi. Məni aldatdılar və pulumu aldılar. Həmin anda bütün keçmişimi və pulumu itirdim.”

Bütün varlığını itirdikdən sonra Roberto Karlos üçün bərpa prosesi asan olmayıb. Keçmiş futbolçu iki yaxın dostunun dəstəyi ilə maliyyə vəziyyətini və ailə həyatını tədricən qaydaya sala bildiyini bildirib.

Karlos yaşadığı hadisədən nəticə çıxardığını və xüsusilə gənc futbolçulara qazandıqları pullarla bağlı daha diqqətli olmalarını tövsiyə etdiyini vurğulayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki