Avropa Mərkəzi Bankı (ECB) yeni avro banknotlarının dizaynı üzərində işlərin davam etdiyini və yeni seriyanın 2030-cu illərin əvvəlindən etibarən mərhələli şəkildə dövriyyəyə buraxılacağını açıqlayıb.
Referans Media xəbər verir ki, ECB-nin məlumatına görə, yekun dizayn konsepsiyasının bu ilin sonuna qədər müəyyənləşdirilməsi gözlənilir. Qərar 23 iyul–21 sentyabr 2026-cı il tarixlərində keçirilən və təxminən 10 milyon nəfərin iştirak etdiyi ictimai sorğunun nəticələri nəzərə alınmaqla veriləcək.
Yeni banknotlarda “Avropa mədəniyyəti” və “Çaylar və quşlar” olmaqla iki əsas mövzu üzrə təkliflərdən istifadə ediləcək. Yeni nəsil avro əskinaslarının saxtalaşdırılmasını çətinləşdirən təhlükəsizlik xüsusiyyətlərinə malik olması, daha uzunömürlü və görmə məhdudiyyətli şəxslər üçün daha əlçatan olması planlaşdırılır.
Mövcud avro banknotları isə yeni seriya dövriyyəyə buraxıldıqdan sonra da qüvvədə qalacaq.
