Bakı, Sumqayıt və Abşeronda yaşıllıqlara 72 min manata yaxın ziyan vurulub.
Referans Media xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.
Bildirilib ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisində yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.
“Araşdırma zamanı Bakı şəhəri Xətai rayonu Vunqtau küçəsi, Sumqayıt şəhəri 4-cü məhəllə və Abşeron rayonu Masazır qəsəbəsi Rafiq Dünyamalıyev küçəsində ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 71 940 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.
Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib”.
