Azərbaycanda təqaüd yaşına çatan vətəndaşların sosial təminat məsələləri, xüsusən də rəsmi məşğulluğun pensiya kapitalının toplanmasındakı rolu aktual mövzu olaraq qalır.
Referans Media-ya açıqlama verən Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov bildirib ki, vətəndaşların gələcəkdə layiqli pensiya ala bilməsi və sosial hüquqlarının qorunması doğrudan-doğruya əmək müqaviləsinin olmasına bağlıdır. İqtisadçı rəsmi qeydiyyatsız çalışmanın həm pensiya təyinatında, həm də digər sosial təminatlarda ciddi çətinliklər yaratdığını vurğulayıb.
Vüqar Bayramov mövcud qanunvericiliyin tələblərini və rəsmi məşğulluğun əhəmiyyətini belə şərh edib:
"Mövcud qaydalara əsasən əmək pensiyası almaq üçün vətəndaşımızın minimum pensiya kapitalı və ya 25 il stajı olmalıdır. Və bu halda vətəndaşımız minimum pensiya kapitalına uyğun olaraq əmək pensiyası almaq hüququ qazanır. Onun işlədiyi müddətdə topladığı pensiya kapitalı 144-ə bölünür, alınan məbləğ pensiya kimi vətəndaşımıza ödənilir. Və pensiya kapitalı nə qədər çox olarsa, təbii ki, bu halda vətəndaşımızın aldığı pensiya məbləği də o qədər çox olur. Ama 25 il staj və ya minimum pensiya kapitalı olmadığı halda, təbii ki, bu halda pensiya deyil, yaşa görə müavinət təyin olunur. Və bu baxımdan sözsüz, əmək müqaviləsi ilə çalışmayan vətəndaşlarımız artıq pensiya kapitalı toplaya bilmirlər və eyni zamanda onların stajı da hesablanmır və staj hesablanmadığı üçün bu 25 illik staj tələbinin ödənilməsində çətinlik yaradır. Ona görə bu baxımdan da vətəndaşlarımızın dəfələrlə qeyd etdiyimiz kimi məhz çalışan zaman əmək müqaviləsi ilə çalışmasına xüsusi diqqət etməsi çox vacibdir. Çünki əmək müqaviləsi bir tərəfdən pensiya təminatı deməkdir, digər tərəfdən bu həm də vətəndaşlarımızın əmək hüquqlarının qorunması anlamına gəlir. Bu həmin vətəndaşlarımızın əmək hüquqlarının qorunmasına və praktiki olaraq rəsmi çalışmasına imkan yaradır. Ona görə də əmək müqaviləsi olmadan çalışmaq həm pensiya təminatında, həm əmək hüquqlarının qorunmasında, həm məzuniyyət ödənişlərində problemlər, çətinliklər yaradır. Bu baxımdan da sözsüz, bütövlükdə mövcud iqtisadi siyasətin əsas hədəflərindən biri də məhz iqtisadiyyatın ağarması, gizli iqtisadiyyatın minimallaşdırılması, eyni zamanda məşğulluğun rəsmiləşdirilməsidir. Məşğulluğun rəsmiləşdirilməsi həm bütövlükdə iqtisadiyyatın ağarması baxımından vacib olmaqla yanaşı, həm də vətəndaşlarımız üçün olduqca əhəmiyyətlidir. Çünki onların bu halda pensiya təminatı, qeyd etdiyimiz kimi, əmək hüquqlarının qorunması və məzuniyyət ödənişləri və imkanları daxil olmaqla bir sıra sosial hüquqların təmin olunması mümkün olur."
Yekun olaraq, deputatın təhlilləri bir daha göstərir ki, kölgə iqtisadiyyatının minimallaşdırılması və məşğulluğun rəsmiləşdirilməsi təkcə dövlət büdcəsi üçün deyil, ilk növbədə vətəndaşın gələcək sosial rifahı üçün həyati əhəmiyyət kəsb edir. Qeyri-rəsmi sektorun qurbanına çevrilməmək, yaşlaşdıqda pensiya əvəzinə daha aşağı məbləğli müavinətlə kifayətlənməmək üçün hər bir çalışan əmək müqaviləsinin bağlanmasında maraqlı olmalı və öz hüquqlarını tələb etməlidir.
