Dünya bazarında ərzaq qiymətlərinin yenidən yüksəlməsi qlobal iqtisadiyyat üçün ciddi siqnal sayıla bilər. Xüsusilə 2026-cı ilin avqustunda ərzaq qiymətlərində müşahidə olunan artım göstərir ki, pandemiya və Rusiya-Ukrayna müharibəsindən sonra səngiyən qiymət təzyiqləri tam aradan qalxmayıb. Əksinə, iqlim dəyişiklikləri, geosiyasi qarşıdurmalar və logistika problemləri ərzaq bazarında yeni risklər formalaşdırır.
Qlobal ərzaq qiymətləri yenidən yüksəlib
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, 2026-cı ilin avqustunda Qlobal Ərzaq Qiymətləri İndeksi 133,3 bəndə yüksəlib. Bu, iyulla müqayisədə 1,9 faiz, ötən ilin avqustuna nisbətən isə 2,5 faiz artım deməkdir. Göstərici 2022-ci ilin noyabrından bəri ən yüksək səviyyəyə çatıb. Bununla belə, qiymətlər 2022-ci ilin martındakı rekorddan təxminən 17 faiz aşağıdır.
Avqustda taxıl, bitki yağları, şəkər, ət və süd məhsullarının hamısında qiymət artımı qeydə alınıb. Xüsusilə şəkərin qiyməti bir ay ərzində 11,9 faiz yüksəlib. Taxıl qiymətləri 2,2 faiz artaraq 2024-cü ilin mayından bəri ən yüksək səviyyəyə çatıb. Bitki yağları isə ardıcıl üçüncü ay bahalaşaraq 2022-ci ilin iyunundan bəri ən yüksək göstəriciyə yüksəlib.
İqlim dəyişiklikləri qiymətlərə təsir edir
Artımın əsas səbəblərindən biri iqlim faktorudur. Avropada yüksək temperatur və quraqlıq qarğıdalı və şəkər çuğunduru üzrə məhsuldarlıq gözləntilərini zəiflədib. Asiyada El-Ninyo hadisəsinin (Sakit okeanın ekvatorial hissəsində dəniz səthinin suyunun qeyri-adi şəkildə qızması ilə yaranan təbii iqlim hadisəsi) güclənməsi palma yağı və şəkər istehsalı ilə bağlı narahatlıqları artırıb. Braziliyada əlverişsiz hava şəraiti də şəkər istehsalı üzrə riskləri yüksəldib. Beləliklə, ərzaq qiymətlərinə təsir edən amillər sırasında iqlim riskinin çəkisi getdikcə artır.
Digər mühüm faktor geosiyasi risklərdir. Rusiya-Ukrayna müharibəsi Qara dənizdən taxıl daşımalarına risk yaradır. Yaxın Şərqdəki münaqişələr isə enerji və nəqliyyat marşrutları ilə yanaşı, kənd təsərrüfatında istifadə olunan gübrələrin daşınmasına təsir göstərir.
Bu amillər bir-birini gücləndirir. Gübrə və yanacağın bahalaşması fermerin istehsal xərcini artırır, logistika xərclərinin yüksəlməsi isə məhsulun dünya bazarına çıxarılmasını bahalaşdırır. Nəticədə qiymət artımı bütün istehsal və təchizat zəncirinə yayılır.
Azərbaycan üçün hansı risklər yaranır?
Azərbaycan üçün bu proses xüsusilə əhəmiyyətlidir. Çünki ölkənin ərzaq bazarı tamamilə daxili istehsaldan asılı deyil. Bir sıra strateji məhsullar üzrə idxal mühüm rol oynayır. 2026-cı ilin yanvarında buğda idxalı əvvəlki ilin eyni ayı ilə müqayisədə 49,9 faiz artıb.
Yanvar-may aylarında buğda idxalı real ifadədə 3,5 faiz, bitki yağlarının idxalı 33,2 faiz, xam şəkərin idxalı isə 37,9 faiz artıb. Bu məhsullar dünya bazarında bahalaşdığı halda onların Azərbaycandakı idxal həcminin yüksək olması daxili bazarın xarici qiymət dəyişikliklərinə həssaslığını artırır.
Dünya bazarındakı bahalaşma Azərbaycana necə təsir edir?
Bununla belə, dünya bazarında qiymətin 10 faiz artması Azərbaycanda həmin məhsulun avtomatik olaraq 10 faiz bahalaşacağı anlamına gəlmir. Valyuta məzənnəsi, idxalçı ölkələr, müqavilələrin müddəti, anbar ehtiyatları, gömrük və logistika xərcləri, eləcə də daxili rəqabət qiymətin formalaşmasına təsir edir.
Məsələn, idxalçı məhsulu əvvəlcədən aşağı qiymətlə alıbsa, dünya bazarındakı son artım dərhal pərakəndə qiymətə keçməyə bilər. Əksinə, ehtiyatlar azdırsa və yeni partiya artıq yüksək qiymətlə alınırsa, bahalaşma daha sürətlə istehlakçıya ötürülə bilər.
Azərbaycanda ərzaq qiymətlərinin artımını yalnız dünya bazarı ilə izah etmək də düzgün olmaz. Daxili istehsalın maya dəyəri, əməkhaqqı, yanacaq, gübrə, suvarma, logistika, ticarət marjası və mövsümi amillər də qiymət formalaşmasına təsir edir. Buna görə dünya bazarındakı bahalaşma daha çox daxili qiymət təzyiqlərini gücləndirən faktor kimi qiymətləndirilməlidir.
Digər tərəfdən, Azərbaycanın kənd təsərrüfatı istehsalının 2026-cı ilin yanvar-iyul aylarında 2,8 faiz artması müəyyən qoruyucu rol oynayır. Daxili istehsalın genişlənməsi xüsusilə meyvə-tərəvəz kimi məhsullarda xarici bazardan asılılığı azalda bilər.
Ən çox hansı məhsullar risk altındadır?
Azərbaycan üçün əsas risk taxıl, bitki yağları, şəkər, yem komponentləri və bəzi heyvandarlıq məhsullarında özünü göstərə bilər. Çünki bu məhsulların qiyməti yalnız son məhsulun idxalından deyil, istehsal xərclərindən də asılıdır. Məsələn, yem və yağlı bitkilərin qiyməti yüksələrsə, bu, quşçuluq və heyvandarlıq təsərrüfatlarının xərclərini artıraraq ət, süd və yumurta qiymətlərinə də keçə bilər.
Beləliklə, “zəncirvari bahalaşma” riski yaranır. Dünya bazarında taxıl bahalaşır, yem xərcləri artır, heyvandarlıq və quşçuluğun maya dəyəri yüksəlir, nəticədə ət və yumurta qiymətlərində təzyiq yaranır. Bitki yağları və şəkərin bahalaşması isə çörəkçilik, şirniyyat və digər emal sahələrinin xərclərini artıra bilər.
Azərbaycanın üstün tərəfi enerji ixracatçısı olması və xarici ticarət imkanlarının genişliyidir. Bu, qlobal ərzaq qiymətlərinin artdığı dövrdə əlavə idxal xərclərini qarşılamaq baxımından müəyyən manevr imkanı yaradır. Lakin bu üstünlük qlobal bahalaşmanın təsirinin tamamilə aradan qaldırılması demək deyil.
Əsas risk bahalaşmanın müddətidir
Əsas məsələ dünya bazarında qiymətlərin neçə faiz artması deyil, bu artımın nə qədər davam etməsidir. Bahalaşma qısamüddətli şok olarsa, Azərbaycan bunu ehtiyatlar, alternativ idxal mənbələri və daxili istehsal hesabına kompensasiya edə bilər. İqlim, geosiyasi və logistika problemləri uzunmüddətli xarakter alarsa, daxili bazarda daha davamlı qiymət təzyiqi yarana bilər.
FAO 2026-cı il üzrə taxıl istehsalı proqnozunu aşağı salıb və qlobal taxıl istehsalının əvvəlki illə müqayisədə 2 faiz azalacağını gözləyir. Bununla yanaşı, qlobal ərzaq sistemində böyük ehtiyatların və məhsuldarlıq artımının şokları müəyyən qədər yumşalda biləcəyi də qeyd olunur.
Azərbaycanın qarşısında hansı vəzifələr dayanır?
Bu səbəbdən Azərbaycanda əsas strategiya qiymət artımını inzibati yollarla məhdudlaşdırmaqdan çox, strateji ərzaq ehtiyatlarının düzgün idarə edilməsi, idxal mənbələrinin şaxələndirilməsi, yerli istehsalın maya dəyərinin aşağı salınması, suvarma və məhsuldarlığın artırılması, fermerlərin gübrə və toxum təminatının yaxşılaşdırılması və logistika xərclərinin optimallaşdırılması olmalıdır.
Əks halda dünya bazarında baş verən hər yeni şok daxili bazarda yenidən qiymət dalğası yarada bilər. Xüsusilə Azərbaycanın idxaldan asılı olduğu məhsullarda risk daha yüksəkdir.
Nəticə etibarilə, dünya ərzaq bazarındakı hazırkı bahalaşmanı adi bazar dalğalanması kimi qiymətləndirmək düzgün olmaz. İqlim dəyişiklikləri, Qara dənizdə logistika problemləri, Yaxın Şərqdə geosiyasi gərginlik, gübrə və enerji xərcləri eyni vaxtda hərəkət edir. Azərbaycan bu prosesdən kənarda qala bilməz.
Lakin bu, mütləq ərzaq böhranı və ya bütün məhsullar üzrə kəskin qiymət sıçrayışı olacaq demək deyil. Azərbaycanın daxili kənd təsərrüfatı istehsalının artması, alternativ idxal imkanları və maliyyə ehtiyatları xarici şokların təsirini müəyyən qədər zəiflədə bilər. Əsas təhlükə qlobal bahalaşmanın uzunmüddətli xarakter almasıdır. Belə halda dünya bazarındakı qiymət artımı əvvəlcə idxal olunan məhsullara, daha sonra isə yem, gübrə, enerji və logistika kanalı ilə daxili istehsala keçərək daha geniş ərzaq inflyasiyasına çevrilə bilər.
Akif Nəsirli
