İnsanlar ev alarkən artıq yalnız mənzilin sahəsinə deyil, onun yerləşdiyi əraziyə, infrastrukturuna və yaşayış üçün yaratdığı şəraitə də xüsusi diqqət yetirirlər. Son illərdə nəqliyyat əlçatanlığı, binanın keyfiyyəti, sənədlərin qaydasında olması, təhlükəsizlik və mənzərə kimi amillər alıcıların seçimində daha böyük rol oynamağa başlayıb.
Referans Media-ya açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri Vüqar Oruc bildirib ki, mənzil seçimində əsas meyarlardan biri nəqliyyat əlçatanlığıdır. Onun sözlərinə görə, metroya, əsas yollara, iş mərkəzlərinə və ümumiyyətlə, infrastrukturun inkişaf etdiyi ərazilərə yaxınlıq alıcılar üçün önəm kəsb edir.
Ekspert qeyd edib ki, binanın tikintisində keyfiyyətli materiallardan istifadə olunması, planlamanın düzgün aparılması, ətrafda müxtəlif obyektlərin mövcudluğu və binanın istismar müddətinin kifayət qədər olması da nəzərə alınan əsas amillərdəndir. Yeni və qəzalı olmayan binalara, eləcə də lift, konvokasiya sistemləri və digər qurğuların işlək və yerində olmasına diqqət yetirilir.
Vüqar Orucun sözlərinə görə, mənzilin daxili planlaması da müəyyən hallarda önəmli rol oynayır. Lakin bəzi hallarda mənzil alan şəxs sonradan daxili planlamanı öz zövqünə uyğun dəyişir.
Ekspert mənzilin təmirinin də əsas amillərdən biri olduğunu vurğulayıb. Onun sözlərinə görə, mənzil təmirli vəziyyətdə alına və ya mayak vəziyyətində olduqda vətəndaş tərəfindən sonradan təmir edilə bilər.
“Sonra mənzərə də çox önəm kəsb edir. Bir çox hallarda daha çox şəhərə mənzərə və yaxud dənizə mənzərə, ümumiyyətlə, mənzərənin göz oxşaması əsas amillərdən biri kimi çıxış edir. Son dövrlər bu daha çox önəmlidir”, - deyə Vüqar Oruc bildirib.
O əlavə edib ki, təhlükəsiz yaşayış səviyyəsinin və komfortun təmin olunması da alıcıların seçimində mühüm amillərdəndir. Binanın yerləşdiyi ərazi, həyətin təşkili, parkinqin və uşaqlar üçün oyun meydançasının olub-olmaması da nəzərə alınır.
AQC sədri sənədlərin qaydasında olmasının da mühüm meyarlardan biri olduğunu bildirib. Onun sözlərinə görə, mənzilin çıxarışının, dövlət reyestrindən verilmiş çıxarışın olması və hüquqi baxımdan həm alınmasının, həm də satılmasının mümkünlüyü vacibdir.
Vüqar Oruc mənzil alarkən onun likvidliyinə də diqqət yetirilməsinin vacibliyini vurğulayıb. O bildirib ki, mənzil sonradan hər hansı səbəbdən satılmaq imkanına malik olmalı, yerləşdiyi ərazi, bina və mənzil daim aktual olmalıdır.
Ekspertin sözlərinə görə, tikinti şirkətinin etibarlılığı və binanın keyfiyyəti də alıcıların seçimində nəzərə alınan amillərdəndir.
“Mənzilin sahəsi də təbii ki, ailə üzvlərinin sayına və ailənin tələbinə görə müəyyənləşir. Elə ailə var ki, üzvlərinin sayı azdır, onlar az sayda otaq tələbi ilə çıxış edirlər. Bir və yaxud iki otaqlının planlanması, yaxud iki otaqlı mənzillərə üstünlük verirlər. Böyük ailələr isə üç, dörd və daha çox otaqlılara üstünlük verirlər”, - deyə AQC sədri qeyd edib.
Vüqar Oruc həmçinin infrastrukturun əhəmiyyətini vurğulayıb. O bildirib ki, yaxınlıqda məktəbin, bağçanın, parkın, poliklinikanın, xəstəxananın, marketin, iş mərkəzlərinin və ümumiyyətlə, həyat üçün vacib olan digər obyektlərin əlçatan səviyyədə mövcud olması mənzil seçimində əsas amillərdən biridir.
Gülnaz Abdullazadə
