Məktəblərdə yeni qaydalar hazırlanır – Şagirdləri nələr gözləyir?

Azərbaycanda ümumi təhsil üzrə hazırlanmaqda olan yeni standartlar sənədində vətəndaşlıq, mədəniyyətlərarası dialoq və rəqəmsal vətəndaşlıq kimi səriştələrin bütün fənlərə inteqrasiyası nəzərdə tutulur. Dəyişikliklərin tədrisin məzmununa, şagirdlərin bilik və bacarıqlarının formalaşmasına təsir göstərəcəyi gözlənilir. Yeni standartların tətbiqi müəllim hazırlığı, dərsliklərin yenilənməsi və qiymətləndirmə sistemində də müvafiq dəyişiklikləri gündəmə gətirir.

Referans Media-ya açıqlamasında təhsil eksperti Elçin Əfəndi bildirib ki, yeni standartların hazırlanmasında əsas məqsəd şagirdlərin vətəndaşlıq, mədəniyyətlərarası dialoq və rəqəmsal vətəndaşlıq kimi istiqamətlər üzrə bilik və bacarıqlarını inkişaf etdirməkdir.

Onun sözlərinə görə, bu dəyişikliklər həm tədrisin məzmununa, həm də şagirdlərin bilik və bacarıqlarının formalaşmasına müsbət təsir göstərəcək. Ekspert qeyd edib ki, Azərbaycan multikultural ölkədir və burada müxtəlif dinlərə və millətlərə rast gəlmək mümkündür. Bununla yanaşı, fərqli sivilizasiyalar və yanaşmalar da şagirdlər tərəfindən öyrənilməlidir.

Elçin Əfəndi vurğulayıb ki, informasiya texnologiyalarının sürətlə dəyişdiyi müasir dövrdə şagirdlərdə rəqəmsal vətəndaşlıq kimi səriştələrin formalaşdırılması mühüm əhəmiyyət kəsb edir. Bu istiqamətlərin dərsliklərə və fənlərə inteqrasiyası zamanı müxtəlif məzmunların bir-biri ilə əlaqələndirilməsi və biliklərin şagirdlərə bu əsasda çatdırılması nəzərdə tutulur.

Ekspertin fikrincə, yeni standartların effektiv tətbiqi üçün müəllim hazırlığı, dərsliklərin yenilənməsi və qiymətləndirmə sistemində də müvafiq dəyişikliklər edilməlidir. Əvvəllər müəyyən təlimlər keçirilsə də, bundan sonra rəqəmsal vətəndaşlıq, mədəniyyətlərarası dialoq və vətəndaşlıq məsələləri üzrə də təlimlərin təşkili, dərsliklərə müvafiq məlumatların daxil edilməsi vacibdir.

Elçin Əfəndi hesab edir ki, qiymətləndirmə zamanı da bu istiqamətləri əhatə edən suallara yer verilə bilər. Bu, şagirdlərdə yeni standartlarda nəzərdə tutulan məzmun üzrə bilik və bacarıqların nə dərəcədə formalaşdığını müəyyənləşdirməyə imkan verə bilər.

Gülnaz Abdullazadə

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki