Fransada müşahidə olunan güclü istilər gözlənilməz nəticəyə səbəb olub. Parisin simvollarından biri olan Eyfel qülləsinin hündürlüyü artıb.
Referans Media xəbər verir ki, bu barədə RTL radiosuna danışan mühəndis və memar Bertran Lemuan məlumat verib.
Onun sözlərinə görə, havanın temperaturunun yüksəlməsi nəticəsində qüllə təxminən 10 santimetr “uzanıb”.
“Temperatur mənfi 10 dərəcədən müsbət 40 dərəcəyə dəyişəndə Eyfel qülləsi təxminən 10 santimetr böyüyür. Bu, hər 10 dərəcə üçün təxminən 2 santimetr deməkdir”, - deyə ekspert bildirib.
Lemuan izah edib ki, qüllənin inşa olunduğu pudlinq dəmiri temperatur dəyişikliyinə həssasdır: isti havada genişlənir, soyuqda isə yenidən sıxılır. Bununla belə, bu dəyişikliklər insan gözü ilə nəzərə çarpacaq səviyyədə deyil./Publika.az
