“Porto”da tarix yazdı, “Milan”da kubok qazandı – İndi “Fənər”ə gəlir

“Fənərbaxça”nın baş məşqçi postu üçün razılığa gəldiyi Serjiu Konseysau karyerası ərzində qazandığı titullarla diqqət çəkib. 51 yaşlı portuqaliyalı mütəxəssis məşqçilik fəaliyyəti dövründə ümumilikdə 12 kubok qazanıb.

Referans Media xəbər verir ki, Konseysau ilə aparılan danışıqlar müsbət yekunlaşıb. Tərəflər razılığa gəlib və təcrübəli çalışdırıcının müqavilə imzalamaq üçün yaxın vaxtlarda İstanbula gəlməsi gözlənilir.

Məşqçilik fəaliyyətinə 2012-ci ildə “Olhanense” klubunda başlayan Konseysau daha sonra “Akademika Koimbra”, “Braqa”, “Vitoriya Gimaraeş” və Fransanın “Nant” komandalarında çalışıb. 51 yaşlı mütəxəssis indiyədək məşqçi kimi 12 titul qazanmağa nail olub.

Konseysau karyerasının ən uğurlu dövrünü 2017-ci ildə baş məşqçisi olduğu “Porto”da keçirib. Portuqaliya klubunu 7 mövsüm çalışdıran mütəxəssis bu müddətdə 3 dəfə ölkə çempionu olub, 4 dəfə Portuqaliya kubokunu, 3 dəfə ölkə Superkubokunu və 1 dəfə Liqa kubokunu qazanıb. Beləliklə, “Porto” ilə ümumilikdə 11 titul əldə edib.

2024-cü ilin dekabrında İtaliyanın “Milan” klubunun baş məşqçisi təyin edilən Konseysau komandanı İtaliya Superkubokunun qalibi edib.

Portuqaliyalı çalışdırıcı 2025-ci ilin mayında “Milan”dan ayrılıb. O, daha sonra Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunda fəaliyyət göstərib və 2026-cı ilin iyununda bu komanda ilə yollarını ayırıb.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki