Yəməndə İranın dəstəklədiyi husilərin hökumət qüvvələrinə məxsus hərbi təlim düşərgəsinə ballistik raketlərlə hücumu nəticəsində ölənlərin sayı 58-ə yüksəlib. Hücum zamanı 200-dən çox əsgər yaralanıb.
Referans Media xəbər verir ki, hadisə Şəbvə vilayətində, Ətəq şəhəri yaxınlığında yerləşən hərbi təlim düşərgəsində baş verib.
Şəbvə Valiliyinin yaydığı açıqlamaya görə, hücum nəticəsində 200-dən çox əsgər yaralanıb. Yaralıların bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir. Bu səbəbdən ölənlərin sayının artacağı ehtimal olunur. İlkin məlumatlarda 53 nəfərin öldüyü bildirilsə də, sonrakı qiymətləndirmələr nəticəsində bu rəqəm 58-ə yüksəlib.
Məlumata görə, İranın dəstəklədiyi husilər beynəlxalq ictimaiyyət tərəfindən tanınan Yəmən hökumətinin nəzarətində olan hərbi təlim düşərgəsinə üç ballistik raket atıblar. Hücum zamanı əsgərlərin təlim keçdiyi obyekt hədəfə alınıb.
Yəməndə 2014-cü ildən bəri davam edən vətəndaş müharibəsində husilərlə beynəlxalq ictimaiyyət tərəfindən tanınan hökumətə bağlı qüvvələr arasında qarşıdurma davam edir. Husilər paytaxt Səna da daxil olmaqla ölkənin şimalındakı geniş ərazilərə nəzarət edirlər.
Şəbvə vilayəti isə enerji ehtiyatları və strateji mövqeyinə görə ölkədəki hərbi-siyasi mübarizənin mühüm bölgələrindən biri hesab olunur.
