Ekvadorun Quayakil şəhərində ibadət zamanı üzərinə nəhəng xaç düşərək həyatını itirən katolik rahib Patrisio Sançes Molinarinin son moizəsində səsləndirdiyi sözlər üzə çıxıb.
Referans Media xəbər verir ki, “Daimi Kömək Xanımımız” kilsəsində xidmət edən rahib faciədən qısa müddət əvvəl həyatın faniliyindən danışıb və mərasimdə iştirak edənlərə bir gün hamının öləcəyini söyləyib.
Rahib son moizəsində insanların telefonlara vaxt ayırmaq əvəzinə Allaha və yaxınlarına daha çox zaman ayırmasının vacibliyindən danışıb.
O, çıxışı zamanı “Bir gün burada olan hamımız da öləcəyik. Bəzən müəyyən şeylərə sərf etdiyimiz vaxt Allahla keçirdiyimiz vaxt qədər mənalı olmaya bilər” ifadələrini işlədib.
Həyatın keçiciliyindən danışan rahibin üzərinə qısa müddət sonra kilsənin divarında yerləşən ağır xaç düşüb. Canlı yayım zamanı qeydə alınan hadisə nəticəsində Patrisio Sançes Molinari həyatını itirib.
Rahibin ölüm haqqında danışmasından az sonra belə bir faciənin baş verməsi hadisəni daha da diqqətçəkən edib.
Quayakil arxiyepiskopluğu rahibin ölümünü təsdiqləyib və bununla bağlı başsağlığı mesajı yayımlayıb. Müxtəlif bölgələrdə uzun illər xidmət edən rahibin vəfatı kilsə icmasında kədərə səbəb olub.
Nəhəng xaçın divardan hansı səbəbdən qopduğu isə hələlik məlum deyil.
