Gələn ilin yaşayış minimumu bəlli oldu – Pensiyaçılar və uşaqlar üçün nə qədər ayrılır?

2027-ci il üçün Azərbaycanda yaşayış minimumunun 314 manat olması təklif edilir. Təklifə əsasən, əmək qabiliyyətli əhali üçün bu göstərici 334 manat, pensiyaçılar üçün 258 manat, uşaqlar üçün isə 274 manat təşkil edəcək. Müqayisə üçün qeyd edək ki, 2026-cı ildə ölkə üzrə yaşayış minimumu 300 manat müəyyən edilib. Beləliklə, gələn il üçün ümumi göstəricinin 14 manat artırılması nəzərdə tutulur.

Bu məbləğ insanların əsas ehtiyaclarını qarşılamaq üçün kifayət edəcəkmi? 2026-cı illə müqayisədə 14 manatlıq artım vətəndaşların gündəlik həyatında real dəyişiklik yarada bilərmi? Hazırkı ərzaq, kommunal xidmət və digər zəruri xərcləri nəzərə alsaq, yaşayış minimumu hansı məbləğdə olmalıdır?

Referans Media xəbər verir ki, globalinfo.az-a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib ki, bu məbləğ insanların əsas ehtiyaclarını qarşılamaq baxımından kifayət deyil:

“Çünki son illərdə ərzaq məhsullarının, kommunal xidmətlərin, dərmanların və digər gündəlik tələbat mallarının qiymətləri artıb. Belə şəraitdə yaşayış minimumunun cəmi 14 manat artırılması vətəndaşların büdcəsində ciddi dəyişiklik yaratmayacaq. Bu məbləğlə bir nəfərin bütün zəruri ehtiyaclarını normal şəkildə qarşılaması çətindir. Yaşayış minimumu hesablanarkən insanın minimum qida tələbatından əlavə, geyim, nəqliyyat, dərman, mənzil və digər zəruri xərcləri də nəzərə alınmalıdır. Xüsusilə aztəminatlı ailələr, pensiyaçılar və uşaqlı ailələr qiymət artımlarını daha çox hiss edirlər”.

İqtisadçı bildirib ki, yaşayış minimumunun artırılması real inflyasiya və əhalinin faktiki xərcləri ilə uzlaşdırılmalıdır:

“Yaşayış minimumu elə müəyyənləşdirilməlidir ki, insan yalnız fiziki mövcudluğunu təmin etməsin, həm də normal həyat sürmək imkanı əldə etsin. Bunun üçün minimum istehlak səbətinin tərkibi və dəyəri mütəmadi yenilənməli, qiymət dəyişiklikləri obyektiv şəkildə hesablanmalıdır. Əks halda, yaşayış minimumun nominal artırılması insanların real alıcılıq qabiliyyətinin qorunmasına kifayət etməyəcək”.

Qeyd edək ki, yaşayış minimumu insanların əsas ehtiyaclarını qarşılamaq üçün zəruri hesab edilən minimum pul məbləğidir. Bu göstərici müəyyən edilərkən ərzaq, geyim, kommunal xidmətlər və digər gündəlik tələbatlar nəzərə alınır. Yaşayış minimumu əmək qabiliyyətli əhali, pensiyaçılar və uşaqlar üçün ayrıca müəyyən edilir.

Bildirək ki, yaşayış minimumu minimum əməkhaqqı deyil və dövlətin hər kəsə ödədiyi pul məbləği hesab olunmur. Bu göstərici sosial siyasətin müəyyənləşdirilməsində, o cümlədən bəzi sosial ödənişlərin hesablanmasında əsas götürülür.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki