Günəşdə güclü PARTLAYIŞ: 21 iyunda nələr gözlənilir

İyunun 20-də Günəşdə növbəti partlayış qeydə alınsa da, hələlik yeni geomaqnit qasırğasının baş verəcəyi gözlənilmir.

Referans Media xəbər verir ki, bu barədə "Meteoagent" portalının açıqladığı proqnozda bildirilir.

Məlumata görə, baş verən partlayış "M" sinfinə aid olub, yəni orta gücdə qiymətləndirilir.

Adətən bu cür hadisələr Yer planetinə doğru yönəldikdə maqnit qasırğalarına səbəb olur. Lakin hazırkı proqnozlar bu gün geomaqnit şəraitin sabit olacağını göstərir.

Bu gün "K" indeksinin 3-4 dərəcəsindən yuxarı qalxmayacağı gözlənilir. Qeyd edək ki, hətta ən zəif maqnit qasırğası belə yalnız bu göstərici 5-ə çatdıqda başlayır.

Böyük Britaniya Geoloji Xidməti də yaxın günlərdə maqnit qasırğasının gözlənilmədiyini təsdiqləyib. Alimlərin qənaətinə görə, 21 və 22 iyun tarixlərində geomaqnit durum tamamilə sabit rejimdə qalacaq.

Günəşdəki partlayışlar ulduzun maqnit sahəsindəki kəskin dəyişikliklər nəticəsində yaranan güclü enerji ifrazatlarıdır. Güclü partlayışlar zamanı kosmosa buraxılan yüklü hissəciklərin axını Yer kürəsinə çataraq geomaqnit fırtınalarına yol açır.

Bu cür təbiət hadisələrinin fəsadları peyk rabitəsində, radio rabitəsində və naviqasiya sistemlərində fasilələrə səbəb ola bilər.

Bundan əlavə, bəzi meteohəssas insanlar belə dövrlərdə baş ağrısı, yorğunluq və ümumi səhhətin pisləşməsindən şikayətlənirlər.

Alimlər potensial geomaqnit pozuntuları barədə əhalini əvvəlcədən xəbərdar etmək üçün Günəş aktivliyini daim nəzarətdə saxlayırlar.//Musavat.com


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki