Yəməndə İranın dəstəklədiyi husilər Səudiyyə Ərəbistanına məxsus “Typhoon” tipli qırıcı təyyarəni hava hücumundan müdafiə raketi ilə vurduqlarını iddia ediblər. Husilərin açıqlamasına görə, raket təyyarəyə birbaşa tuş gəlib və onun qəzaya uğrama təhlükəsi yaranıb. Səudiyyə Ərəbistanı isə hələlik bu iddialara münasibət bildirməyib.
Referans Media xəbər verir ki, husilərin hərbi sözçüsü Yəhya Səri sosial şəbəkə hesabında yaydığı açıqlamada hadisənin Yəmənin şimalındakı Səədə şəhərinin səmasında baş verdiyini bildirib.
Onun sözlərinə görə, qırıcı təyyarə Səudiyyə Ərəbistanının qərbində yerləşən Taif şəhərindəki aviabazadan havaya qalxıb. Səri hücumun çərşənbə günü gec saatlarda həyata keçirildiyini və raketin təyyarəyə birbaşa dəydiyini iddia edib.
Lakin bu məlumatlar hələlik müstəqil mənbələr tərəfindən təsdiqlənməyib. Səudiyyə Ərəbistanının rəsmi qurumları da məsələ ilə bağlı açıqlama verməyiblər.
Digər tərəfdən, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri ölkənin şərqini hədəf alan pilotsuz uçuş aparatının hücumunun qarşısının alındığını bəyan ediblər.
Koalisiya qüvvələrinin sözçüsü, general-mayor Türki əl-Maliki sosial şəbəkədəki paylaşımında hücumun zərərsizləşdirildiyini bildirib.
Yəməndə husilər ilə beynəlxalq səviyyədə tanınan Yəmən hökumətini dəstəkləyən Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya arasında gərginlik davam edir. Qırıcı təyyarənin vurulması ilə bağlı iddialar bölgədə təhlükəsizlik narahatlıqlarını daha da artırıb.
