İndoneziya bu həftə Şərqi Yava əyalətinin Banyuvanqi (Banyuwangi) bölgəsində beynəlxalq ASEAN-ID Mavi İqtisadiyyat Forumuna ev sahibliyi edəcək.
Referans MEDİA bildirir ki, cümə və şənbə günləri keçiriləcək forumda ASEAN üzv dövlətləri və tərəfdaş ölkələrin nümayəndələri iştirak edəcək. Tədbirdə okean əsaslı davamlı inkişaf, dəniz resurslarının səmərəli idarə olunması və mavi iqtisadiyyat sahəsində uğurlu təcrübələr müzakirə ediləcək.
Forum İndoneziyanın Xarici İşlər Nazirliyi, Dənizçilik və Balıqçılıq Nazirliyi, eləcə də Yeni Zelandiyanın Xarici İşlər və Ticarət Nazirliyinin birgə təşkilatçılığı ilə keçiriləcək.
İndoneziya Xarici İşlər Nazirliyinin rəsmisi Adhyanti Sardanarini Virajuda bildirib ki, Banyuvanqi bölgəsinin forum üçün seçilməsinin əsas səbəbi burada dəniz mühafizəsinin balıqçılıq, turizm, kiçik sahibkarlıq və yerli icmaların inkişafı ilə uğurla əlaqələndirilməsidir.
Onun sözlərinə görə, Banyuvanqi modeli İndoneziyanın forum iştirakçıları ilə bölüşmək istədiyi uğurlu inkişaf nümunəsidir.
Forumda ASEAN ölkələri ilə yanaşı, Şərqi Asiya Sammiti və Sakit Okean Adaları Forumuna üzv dövlətlərin nümayəndələri də iştirak edəcəklər.
Tədbirin əsas məqsədi mavi iqtisadiyyatın inkişafı, dəniz resurslarının dayanıqlı idarə olunması və bu sahədə regional əməkdaşlığın gücləndirilməsidir.
