Bakıda qəsdən adam öldürməkdə təqsirləndirilən İqor Lısenkonun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.
Referans Media xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
O, təqsirləndirilən İqor Lısenkonun 18 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.
Məhkəmədə hökm elan olunub. Hökmə əsasən, İqor Lısenko 16 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata görə, fevralın 21-də paytaxtın Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisində İlqar Məmmədovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. İlkin araşdırmalarla İqor Lısenkonun tanışı İlqar Məmmədovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xəzər rayon prokurorluğunda cinayət işi başlanılıb.
İqor Lısenkoya Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə)və 228.5-ci ( qanunsuz olaraq silah əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə yekun ittiham elan olunub.
