ABŞ Suriya ilə bağlı 47 il əvvəl qəbul etdiyi qərarı dəyişib. ABŞ Maliyyə Nazirliyi Suriyanın 1979-cu ildən bəri daxil olduğu “terroru dəstəkləyən ölkələr” siyahısından çıxarıldığını açıqlayıb. Vaşinqtonun qərarı Türkiyə tərəfindən də müsbət qarşılanıb.
Referans Media xəbər verir ki, ABŞ prezidenti Donald Trampın Suriya siyasətinə uyğun olaraq qəbul edilən qərarla yanaşı, Heyət Təhrir əş-Şamın (HTŞ) da “Xüsusi Təyin Olunmuş Qlobal Terrorçu Təşkilat” statusundan çıxarıldığı bildirilib. ABŞ Maliyyə Nazirliyinin açıqlamasında Suriyanın 1979-cu ildən etibarən “terroru dəstəkləyən ölkələr” siyahısında olduğu xatırladılıb. Yeni qərarla Suriya bu siyahıdan rəsmi şəkildə çıxarılıb. Hazırda həmin siyahıda İran, Kuba və Şimali Koreya qalır.
ABŞ administrasiyası iyul ayında Konqresə göndərdiyi bildirişdə Suriyanın siyahıdan çıxarılması niyyətini açıqlamışdı. Vaşinqtonun qərarı yalnız Suriya ilə məhdudlaşmayıb. ABŞ Maliyyə Nazirliyi HTŞ-ni də “Xüsusi Təyin Olunmuş Qlobal Terrorçu Təşkilat” statusundan çıxarıb. Bununla yanaşı, ABŞ-ın Xarici Aktivlərə Nəzarət Ofisinin (OFAC) sanksiya siyahısında yer alan HTŞ də siyahıdan çıxarılıb.
Suriya Prezidenti Əhməd Şara ABŞ-ın qərarını ölkənin yenidən qurulması baxımından mühüm addım kimi qiymətləndirib. Şara sosial media hesabında Suriyanın ağır keçmişi geridə qoyaraq inkişaf, yenidənqurma və bərpa mərhələsinə qədəm qoyduğunu bildirib. Suriya prezidenti sanksiyaların və məhdudiyyətlərin aradan qaldırılmasını ölkəsi üçün mühüm nailiyyət adlandırıb. O, ABŞ prezidenti Donald Trampa və Suriyaya dəstək göstərən ölkələrə təşəkkür edib.
Türkiyə Xarici İşlər Nazirliyi də ABŞ-ın qərarına münasibət bildirib. Nazirliyin açıqlamasında “ABŞ-ın Suriyanı Terrorizmə Sponsor Olan Ölkələr Siyahısından çıxarmaq qərarını məmnuniyyətlə qarşılayırıq” ifadəsi yer alıb. Ankara ABŞ administrasiyasının və prosesə dəstək verən Konqresin mövqeyini yüksək qiymətləndirib, Suriya hökuməti və xalqını qətiyyətli mövqeyinə görə təbrik edib.
Türkiyə Xarici İşlər Nazirliyi hesab edir ki, qərar Suriyanın iqtisadi cəhətdən toparlanması və yenidən qurulması qarşısındakı ən böyük maneələrdən birinin aradan qalxmasına imkan verəcək. Ankara bu addımın Suriyanın beynəlxalq ictimaiyyətlə əlaqələrinin güclənməsinə, ölkədə təhlükəsizlik və sabitliyin təmin olunmasına yönəlmiş səylərə dəstək verəcəyini bildirib.
Türkiyə həmçinin beynəlxalq ictimaiyyəti firavan Suriyanın qurulması məqsədi ətrafında səyləri birləşdirməyə və ölkədə sabitliyi təhlükə altına alan hücumların dayandırılması üçün məsuliyyətlərini yerinə yetirməyə çağırıb.
