Gürcüstanın paytaxtı Tbilisi və ölkənin əksər bölgələrində elektrik enerjisinin verilişi dayandırılıb.
Referans Media xəbər verir ki, elektrik təchizatı təxminən saat 20:15 radələrində kəsilib.
Gürcüstanda baş verən genişmiqyaslı elektrik kəsintisi səbəbindən Tbilisi metrosunun və Gürcüstan Dəmir Yollarının fəaliyyətində fasilələr yaranıb.
Elektrik enerjisinin kəsilməsi nəticəsində Tbilisi Metropoliteni hazırda sərnişinlərə xidmət göstərmir. Həmçinin vətəndaşların məlumatına görə, Gürcüstan Dəmir Yollarında da hərəkət müvəqqəti dayandırılıb.
Elektrik kəsintisinin rəsmi səbəbi hələ açıqlanmayıb.
Qeyd edək ki, iyulun 24-25-də də Gürcüstanda genişmiqyaslı elektrik kəsintisi baş verib. Hadisə ilə bağlı aparılan ilkin araşdırmalarda İmereti yüksək gərginlikli elektrik xəttində baş verən qəzanın və avtomatik qoruma sistemlərinin düzgün işləməməsinin ölkə üzrə enerji təchizatının dayanmasına səbəb olduğu bildirilib. (Report)
