Artan quraqlıq və əhali təzyiqi Aralıq dənizi hövzəsində yerləşən ölkələri alternativ su mənbələri axtarışına sövq edir. Bu çərçivədə Yunanıstan Egey dənizində yerləşən 15 adada dəniz suyunun duzsuzlaşdırılması (təmizlənməsi) qurğularının qurulması üçün yeni layihələrə start verməyə hazırlaşır. Mütəxəssislər bu addımın Türkiyə, xüsusilə də İstanbul kimi iri şəhərlər üçün nümunə ola biləcəyini bildirirlər.
Referans Media xəbər verir ki, Yunanıstanın Ətraf Mühit Nazirliyi su qıtlığının aradan qaldırılması məqsədilə 75,5 milyon avro dəyərində 42 su təchizatı layihəsini təsdiqləyib. Layihələr arasında ilk dəfə dəniz suyunun duzsuzlaşdırılması qurğuları qurulacaq adalar da yer alır. Ekspertlərin fikrincə, bu cür layihələr iri şəhərlər üçün artıq təxirəsalınmaz zərurətə çevrilib.
Mövzu ilə bağlı açıqlama verən İstanbul Ətraf Mühit Şurasının fəxri sədri, dəniz və su məhsulları üzrə ekspert Zafer Murat Çetintaş bildirib ki, Türkiyədə dəniz suyunun təmizlənməsi və duzsuzlaşdırılması artıq alternativ deyil, strateji zərurətdir.
Çetintaş xatırladıb ki, 1980-ci illərin ortalarında Nazirlər Kabineti İstanbul üçün dəniz suyunun duzsuzlaşdırılması qurğularını “son çarə” kimi nəzərdə tutan qərar qəbul etmişdi, lakin bu qərar indiyədək icra olunmayıb:
“Dövlətdə davamlılıq prinsipi var. O vaxt verilən qərar bu gün daha həyati əhəmiyyət daşıyır. İstanbulun 2050-ci ildə 25 milyon əhaliyə çatacağı ilə bağlı proqnozlar faktiki olaraq daha tez reallaşıb. Bu şəraitdə su böhranının yaşanmaması mümkün deyil.”
Zafer Murat Çetintaş Türkiyənin bu sahədə ciddi texniki üstünlüklərə malik olduğunu vurğulayaraq Qara dənizin aşağı duzluluq səviyyəsinə diqqət çəkib. Onun sözlərinə görə, Egey dənizində duzluluq mində 38 olduğu halda, Qara dənizdə bu göstərici mində 3-dür. Bu isə suyun daha az enerji sərfiyyatı ilə duzsuzlaşdırılmasına imkan verir.
Ekspert Qara dəniz sahillərində yerləşən dövlətə məxsus ərazilərdə 24 saat fasiləsiz fəaliyyət göstərən dəniz suyunun duzsuzlaşdırılması qurğularının inşasını, bu obyektlərin enerji tələbatının isə günəş enerjisi hesabına təmin olunmasını təklif edib.
Çetintaş bildirib ki, təmizlənmiş və duzsuzlaşdırılmış dəniz suyu mövcud infrastrukturdan istifadə olunmaqla İstanbulun su anbarları və bənd sisteminə inteqrasiya edilə bilər. O, Papuçdərə və Qazandərə su anbarlarının davamlı şəkildə dolu saxlanılmasının şəhər üçün “təhlükəsizlik yastığı” rolunu oynaya biləcəyini qeyd edib.
Dünyada 120-dən çox şəhərdə, yüksək duzluluğa malik dənizlərdən belə içməli su əldə edildiyini xatırladan Çetintaş, Avşa adasının Türkiyədə dəniz suyunun duzsuzlaşdırılması üzrə real nümunə olduğunu vurğulayıb. Onun fikrincə, bu prosesdə Dövlət Su Təsərrüfatı (DSİ) və bələdiyyələr arasında institusional koordinasiya mütləqdir.
Ekspert əlavə edib ki, su təhlükəsizliyi yalnız dəniz suyunun duzsuzlaşdırılması ilə məhdudlaşmamalı, çirkab sularının təmizlənməsi qurğularının da modernləşdirilməsi və genişləndirilməsi paralel şəkildə həyata keçirilməlidir. Bu, suyun təkrar istifadəsini mümkün etməklə şəhərlərin su yükünü əhəmiyyətli dərəcədə azalda bilər.
Türkiyədə təxminən 50 iri gölün mövcud olduğunu və onların yarısının artıq quruduğunu bildirən Çetintaş, alternativ həll yolu kimi iri çaylardan göllərə su ötürülməsini təklif edib. O qeyd edib ki, minlərlə kilometr uzunluğunda qaz və neft boru xətləri inşa edən mühəndislik potensialı bu cür layihələri də reallaşdıra bilər.
Aralıq dənizindən Kiprə su daşınması layihəsini nümunə göstərən ekspert, Sakarya, Gediz, Seyhan, Ceyhan, Yeşilırmak və Kızılırmak çaylarının ölkənin su balansında mühüm rol oynadığını bildirib.
Bodrumda yaşanan su çatışmazlığını xatırladan Çetintaş qeyd edib ki, daşıma qabiliyyətini aşan əhali artımı susuzluq riskini artırır. Onun sözlərinə görə, vaxtında tədbirlər görülməzsə, oxşar vəziyyət ölkənin digər bölgələrində də yaşana bilər:
“Yağıntı olur, amma suları saxlaya bilmirik. Bodrumda yaşananlar bütün ölkə üçün ciddi xəbərdarlıqdır.”
