İstanbul üçün qorxulu xəbərdarlıq: Əsl təhlükə indi başlayır!

İstanbulda iki nəfərin həyatına son qoyan və küçələri su altında saxlayan güclü yağışın təsirləri azalsa da, təhlükə tam aradan qalxmayıb. Mütəxəssislər torpağın suya doyması səbəbindən xüsusilə yamaclarda torpaq sürüşməsi riskinin artdığı barədə xəbərdarlıq ediblər. Cümə axşamı Türkiyənin 48 vilayəti üçün sarı və narıncı kodlu hava xəbərdarlığı verilib, İstanbulda isə cümə axşamı deyil, cümə axşamından sonrakı cümə günü axşam saatlarında yeni yağış dalğasının başlayacağı gözlənilir.

Referans Media xəbər verir ki, oktyabrın 14-də İstanbulda müşahidə olunan leysan şəhərin bir sıra ərazilərində həyatı iflic edib. Küçə və prospektləri su basıb, avtomobillər su altında qalıb, bəzi istiqamətlərdə nəqliyyatın hərəkəti ciddi şəkildə çətinləşib. Yağış zamanı Fatih rayonunda su yığıntısında elektrik cərəyanının vurması nəticəsində 14 yaşlı yeniyetmə, Sarıyer rayonunda isə sel sularından keçməyə çalışarkən yıxılan 34 yaşlı şəxs həyatını itirib. Məlumata görə, İstanbulda 1985-ci ildən bəri ən yüksək göstəricilərdən biri qeydə alınıb.

NTV-nin meteorologiya redaktoru Dilek Çalışkan güclü yağışlardan sonra torpağın həddindən artıq su ilə doymasının sürüşmə riskini artıra biləcəyini bildirib. Onun sözlərinə görə, İstanbulda əsas çay məcralarının bir hissəsində tikililərin yerləşməsi yağış sularının təbii axınına mane olur. Çalışkan qeyd edib ki, şəhərin 63 əsas çayının üzərində ticarət mərkəzləri və binalar yerləşir. Mütəxəssis vurğulayıb ki, yağışın zəifləməsi təhlükənin tamamilə aradan qalxması demək deyil. Xüsusilə yamaclarda və torpaq sürüşməsi ehtimalı olan ərazilərdə ehtiyatlı davranmaq lazımdır.

Məlumata əsasən, hazırkı yağışlı hava sistemi Sakarya, Kocaeli və Qərbi Qara dəniz bölgəsinə doğru irəliləyir. Həmin ərazilərdə yağıntının miqdarının hər kvadratmetrə 50–80 kiloqramı keçə biləcəyi bildirilir. İstanbulda isə cümə günü axşam saatlarından başlayacaq yeni yağışların şənbə günü gündüz saatlarınadək davam edəcəyi gözlənilir. Bununla belə, yeni yağıntı dalğasının gücü hələ dəqiq müəyyənləşməyib.

Türkiyə Meteorologiya Baş İdarəsi oktyabrın 15-i üçün 48 vilayətdə əlverişsiz hava şəraiti ilə bağlı xəbərdarlıq yayıb. Altı vilayətə narıncı, 42 vilayətə isə sarı kod verilib. Narıncı kodlu xəbərdarlıq Bursa, Kocaeli, Sakarya, Yalova, Düzce və Zonguldak vilayətlərini əhatə edir. İstanbulun da daxil olduğu 42 vilayətdə isə sarı kodlu xəbərdarlıq qüvvədədir.

Güclü yağışların sel, su basqını və nəqliyyatda problemlər yarada biləcəyi bildirilir. Vətəndaşlara rəsmi hava xəbərdarlıqlarını izləmək, çay məcralarından, su basmış yeraltı keçidlərdən və sürüşmə riski olan ərazilərdən uzaq durmaq tövsiyə olunur.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki