Gizli avtomatik ödənişlər və fərqinə varmadan olunan abunəliklər müasir dövrün maliyyə tələsinə çevrilib. Bu problemlə mübarizə aparmaq üçün hər bir şəxs fərdi qaydada diqqətli olmalıdır, çünki bütün qoşulmaları tək bir kliklə və ya vahid düymə ilə ləğv edən hər hansı qanun yaxud mexanizm mövcud deyil.
Referans Media xəbər verir ki, bu sözləri “Yeni Sabah”a açıqlamasında iqtisadçı Fuad İbrahimov bildirib. Onun sözlərinə görə, istifadəçi kartından vəsaitin icazəsiz və ya unudularaq silinməsinin qarşısını almaq üçün dərhal prosesə müdaxilə etməlidir:
“Əgər hər hansı xidmətdən istifadə etmək istəmirsinizsə, birbaşa həmin platformaya daxil olub abunəliyi şəxsən imtina etməlisiniz; məsələnin başqa həlli yolu yoxdur.
Məsələyə səhlənkar yanaşıldıqda, kartda vəsait olduğu müddətdə ödənişlər hər ay avtomatik silinməyə davam edəcək. Bu proses yalnız kartın istifadə müddəti bitdikdə və ya hesabda kifayət qədər vəsait olmadıqda dayana bilər. Səhlənkarlığı kənara qoyub, şəxsi abunəliklərə diqqətlə nəzarət etmək mütləqdir.
Bu gün abunəlik modeli şirkətlərə milyardlarla dollar gəlir gətirən əsas biznes strukturlarından biridir. Səhiyyə, təhsil, əyləncə, onlayn film platformalarından tutmuş “Microsoft” və “Apple” kimi texnologiya giqantlarına qədər bütün sahələrdə bu sistem geniş tətbiq olunur”.
Ekspert qeyd edib ki, vətəndaşlar öz xərclərini müstəqil şəkildə tənzimləməlidirlər:
“Əks halda, onlarca lazımsız proqrama abunəçi olacaqsınız və ehtiyacınız olub-olmamasından asılı olmayaraq, kartınızdakı vəsait hər ay sistem tərəfindən çıxılacaq. Çünki hazırda dünyada bütün abunəlikləri bir düymə ilə birdəfəlik ləğv etməyə imkan verən vahid hüquqi mexanizm yoxdur. Ona görə də şəxsi büdcəyə və raxodlara ayıq-sayıq nəzarət etmək yeganə çıxış yoludur”.
