Sentyabr ayında Şəki rayonunda iki nəfərin həyatını itirməsi ilə nəticələnən bədbəxt hadisənin baş verdiyi “Şəki Yaylası” istirahət mərkəzinin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.
Referans Media Oxu.az-a istinadən məlumata görə, ərazidə istirahət mərkəzinə giriş məhdudlaşdırılıb. Mərkəzə aparan piyada keçidi bağlanıb, həmçinin avtomobillərin hərəkətinə isə tamamilə qadağa qoyulub.
Mərkəzdən bildirilib ki, istintaq tədbirləri ilə əlaqədar obyektin fəaliyyəti ilin sonunadək dayandırılıb. Həmçinin o da qeyd olunub ki, gələcəkdə zəruri dəyişikliklər və müvafiq tədbirlər həyata keçirildikdən sonra fəaliyyətin bərpası məsələsinə baxıla bilər.
Qeyd edək ki, hadisə sentyabrın 8-də Şəkinin Baş Kəldək kəndində yerləşən istirahət mərkəzində baş verib. Əyləncə məqsədilə istifadə olunan trosun qırılması nəticəsində 26 yaşlı Ucal Bayramovu və 30 yaşlı Coşqun Məmmədov həlak olub.
