Kənd yumurtası 50 qəpiyə çatdı – Bahalaşma davam edəcək

Bazarlarda kənd yumurtasının qiymətinin 45-50 qəpiyə qədər yüksəlməsi istehlakçıların diqqətini çəkib. Satıcılar bahalaşmanı bölgələrdə kənd yumurtasının istehsalının azalması ilə əlaqələndirirlər. Mövsümi amillər, yem və daşınma xərclərinin artması da qiymətlərə təsir göstərən səbəblər arasında qeyd olunur. Bəs kənd yumurtasının bahalaşması müvəqqəti xarakter daşıyır, yoxsa yaxın aylarda da davam edəcək?

Referans Media-ya açıqlama verən iqtisadçı ekspert Əkrəm Həsənov bildirib ki, qiymət artımına həm mövsümi, həm də struktur amillər təsir edir.

Onun sözlərinə görə, bazarda təklifin azalması bahalaşmanın əsas səbəblərindən biridir:

“Burada dediyiniz faktorların hamısı var. Bazarda təklif azalıb. Bunun həm struktur, həm də mövsümi amilləri var.

Mövsümi amildən başlayaq. Qış dövründə toyuqların yumurtalama qabiliyyəti azalır. Gün işığının azalması, soyuq hava şəraiti, toyuqların təbii şəraitdə küçəyə çıxıb qidalanması və digər amillər kənd yerlərində yumurta istehsalının azalmasına səbəb olur. Bu vəziyyət adətən mart-aprel aylarına qədər davam edir.

Amma burada digər struktur amillər də var. Təbii ki, qiymət artımı, yemin bahalaşması, daşınma xərclərinin artması, nəqliyyat və digər məsrəflər də bu məsələyə təsir edir”.

İqtisadçı qeyd edib ki, bu səbəblərə görə yumurtanın qiymətinin mart-aprel aylarında kəskin şəkildə aşağı düşəcəyini gözləmək doğru olmaz. Hətta qiymətlər azalsa belə, bu, ciddi ucuzlaşma ilə nəticələnməyə bilər.

“Çünki digər faktorlar da var. Təbii ki, yumurtaya tələbat həmişə yüksəkdir və yüksək olaraq da qalır. Buna görə də əsas səbəblər bunlardır”, – deyə Əkrəm Həsənov bildirib.

Gülnaz Abdullazadə

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki