Pensiyaçılara işıq, qaz və su pulu ilə bağlı ŞAD XƏBƏR

Pensiyaçılar üçün kommunal güzəştlərin genişləndirilməsi sosial müdafiənin gücləndirilməsi baxımından müzakirə olunan məsələlərdəndir. Xüsusilə işıq, qaz, su və istilik xərclərinin pensiyaçıların büdcəsində əhəmiyyətli yer tutması əlavə dəstək mexanizmlərinin tətbiqini aktuallaşdırır. Bununla yanaşı, güzəştlərin bütün pensiyaçılara, yoxsa yalnız aztəminatlı şəxslərə şamil edilməsinin daha effektiv olacağı, belə bir qərarın dövlət büdcəsinə yaradacağı yük də diqqət çəkir.

Referans Media-ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, pensiyaçılar üçün kommunal güzəştlərin genişləndirilməsi sosial cəhətdən başadüşüləndir, lakin əsas məsələ onun necə tətbiq edilməsidir.

Onun sözlərinə görə, Azərbaycanda 1 milyon 94 minə yaxın pensiyaçı var. 2026-cı ilin oktyabrına olan məlumata əsasən, orta pensiya təxminən 596 manat, yaşa görə orta pensiya isə 633 manatdır. Pensiyalara ildə təxminən 8 milyard manat xərclənir.

İqtisadçı qeyd edib ki, qışda bir ailənin işıq, qaz, su, istilik və tullantı xərcləri Bakıda və böyük şəhərlərdə çox vaxt 80-150 manata çatır. Bu, orta pensiyanın 15-25 faizini təşkil edir. Tək yaşayan, az pensiya alan, xəstə və dərman xərci olan pensiyaçılar üçün isə bu, böyük yükdür:

“Yəni kommunal xərclər pensiyanın alıcılıq qabiliyyətini birbaşa yeyir. Adam pensiyanı alır, əvvəl kommunalı ödəyir, sonra ərzaq və dərmana pul qalmır. Bu baxımdan dəstək vermək məqsədəuyğundur.

Amma dəstəyi hamıya vermək büdcəyə böyük yük yaradar. Sadə hesabla baxaq. Əgər hər pensiyaçıya ayda cəmi 30 manat kommunal yardımı verilsə, bu, ildə təxminən 394 milyon manat deməkdir. Ayda 50 manat verilsə, ildə təxminən 656 milyon manat edir. Bu, pensiya xərclərinin üstünə əlavə 5-8 faiz yük deməkdir.

Halbuki pensiyaçıların hamısı eyni dərəcədə ehtiyaclı deyil. Bir çox pensiyaçı ailə ilə yaşayır, evdə işləyən övladı var, əlavə gəliri var, hətta özü də işləyir. Bəzisinin pensiyası 1000 manatdan çoxdur. Belə adama da dövlətdən kommunal güzəşt vermək ədalətli deyil və büdcəni boşuna yükləyir. Ona görə də universal güzəşt, yəni hamıya eyni güzəşt vermək sosial cəhətdən xoş səslənsə də, iqtisadi cəhətdən effektsizdir”.

Akif Nəsirli hesab edir ki, daha effektiv yol aztəminatlı pensiyaçılara ünvanlı dəstək verməkdir. Onun fikrincə, tək yaşayan pensiyaçılar, yeganə gəliri pensiya olan ailələr, əlilliyi olan pensiyaçılar, ailə başçısını itirməyə görə müavinət alan və himayəsində uşaq olan ailələr dəstəkdən yararlana bilərlər.

“Hazırda Azərbaycanda təxminən 190 min nəfər ailə başçısını itirməyə görə müavinət alır. Belə qruplara dəstək vermək həm daha ucuz, həm də daha ədalətlidir. Əgər dəstək yalnız pensiyaçıların 20-25 faizinə verilsə, büdcəyə yük 80-160 milyon manat civarında olar. Bu, hamıya verməkdən 4-5 dəfə azdır və pul həqiqətən ehtiyacı olana çatar.

Burada əsas çətinlik texnikidir. Azərbaycanda hələ ailə təsərrüfatının tam dəqiq bazası yoxdur. Kim tək yaşayır, kimin evdə işləyən övladı var, kim əslində aztəminatlıdır, bunu dəqiq bilmək çətindir. Ona görə əvvəlcə rəqəmsal baza yaradılmalıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu, Azərişıq, Azəriqaz, Azərsu və icra hakimiyyətlərinin məlumatları birləşdirilməlidir. Ondan sonra güzəşt avtomatik təyin oluna bilər. Əks halda ya ehtiyacı olmayan da alacaq, ya da ehtiyacı olan sənəd dalınca qaçacaq”.

İqtisadçı kommunal güzəştlərin tətbiqi ilə bağlı üç variantın olduğunu da vurğulayıb. Birinci variant pensiyanın üzərinə əlavə pul verilməsidir. Bu, ən sadə mexanizmdir və pensiyaçı həmin vəsaiti istədiyi kommunal xidmətə xərcləyə bilər. Lakin bu halda pulun məhz kommunal ödənişlərə yönəldilməsinə nəzarət etmək mümkün olmur.

İkinci variant kommunal xidmətlərin hesabında birbaşa güzəşt tətbiq edilməsidir. Bu halda “Azərişıq” və “Azəriqaz” pensiyaçının hesabına endirim tətbiq edə bilər. Bu mexanizm daha ünvanlı olsa da, texniki baxımdan çətindir.

Üçüncü variant isə qarışıq modeldir:

“Bu model Şərqi Avropa ölkələrində, məsələn, Slovakiya və Rumıniyada işləyir. Orada ailə başçısı pensiyaçı və aztəminatlıdırsa, onun pensiyasına ayda kommunal əlavə verilir, üstəlik müəyyən norma daxilində güzəşt tətbiq olunur. Yəni adam nə qədər çox işıq yandırsa, dövlət o qədər çox ödəmir. Norma qoyulur, məsələn, ayda 100 kilovat-saat işıq, müəyyən qədər qaz. Normadan artığı adam özü ödəyir. Bu, həm qənaətə sövq edir, həm də sui-istifadənin qarşısını alır”.

Akif Nəsirli hesab edir ki, Azərbaycan üçün ən məqsədəuyğun yol bütün pensiyaçılara güzəşt vermək deyil, aztəminatlı və tək yaşayan pensiyaçılara ünvanlı kommunal əlavə tətbiq etməkdir. Onun sözlərinə görə, qış aylarında, yəni dekabr-aprel dövründə bu əlavə bir qədər çox, yayda isə az ola bilər. Çünki əsas yük qışda yaranır.

İqtisadçı əlavə edib ki, ünvanlı dövlət sosial yardımı ilə kommunal dəstək birləşdirilməlidir. Hazırda şəxsin həm ünvanlı yardım, həm də ayrıca kommunal güzəşt alması ikiqat hesablama yarada bilər. Buna görə vahid sosial paket tətbiq olunması daha məqsədəuyğundur.

O, kommunal xərclərin azaldılması üçün yalnız pul yardımı deyil, evlərin istilik izolyasiyasına və enerjiyə qənaət edən cihazlara dəstək verilməsinin də vacib olduğunu bildirib:

“Çünki köhnə binada istilik itkisi çoxdur, adam çox qaz yandırır, amma ev yenə soyuq qalır.

Qısası, güzəştləri genişləndirmək düzgün ideyadır, amma hamıya yox, ehtiyacı olana vermək lazımdır. Əks halda büdcə böyük yük altına düşər, amma kasıb pensiyaçı yenə rahatlamaz”.

Gülnaz Abdullazadə

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki