“Kredit borcunuzu silirik” – Vətəndaşlara XƏBƏRDARLIQ

Sosial şəbəkələrdə vətəndaşlara müəyyən məbləğ qarşılığında bank olmayan kredit təşkilatlarındakı (BOKT) kredit borclarının silinəcəyi vəd edilir. Bu cür vədlərlə bağlı diqqətli olmaq lazımdır.

Referans Media qeyd edir ki, bunu Plat.az-a açıqlamasında hüquqşünas, vəkil və bank-iqtisad məsələləri üzrə ekspert Əkrəm Həsənov deyib.

O, qeyd edib ki, vətəndaş müəyyən ödəniş edir, daha sonra həmin şəxslər profili bağlayaraq aradan çıxırlar. Bu, cinayət xarakterli əməldir və insanlar belə vədlərə inanmamalıdırlar:

"Qarşı tərəfi tanımırsansa, onun verdiyi vədə necə inanmaq olar? Məntiqlə düşünmək lazımdır. Həmin şəxslər böyük məbləğdə olan borcu hansı vasitə ilə silə bilərlər? Həm də bunu kiçik bir ödəniş qarşılığında etmələri məntiqli deyil.

Belə hallarla üzləşən şəxslər polisə müraciət edə bilərlər. Bu zaman yazışmaların, danışıqların, ödəniş qəbzlərinin, sosial media hesablarının və digər mümkün sübutların saxlanılması vacibdir. Bu materiallar hadisənin araşdırılması və şəxslərin müəyyənləşdirilməsi baxımından əhəmiyyətli ola bilər".


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki