Azərbaycanda bir sıra bank və bank olmayan kredit təşkilatlarının (BOKT) əməkdaşlarının borclulara qarşı tətbiq etdiyi zəng siyasəti narazılıq doğurub. Sosial şəbəkələrdə və bank müzakirə qruplarında vətəndaşlar təzyiq xarakterli zənglərdən və hədələyici ifadələrdən şikayətlənirlər.
Musavat.com-un məlumatına görə, vətəndaşlardan biri “Bank of Baku”dan götürdüyü kredit üzrə ödəmədə gecikmə olduğunu, lakin borcu ay sonu faizi ilə birlikdə ödəyəcəyini banka bildirdiyini deyir.
Buna baxmayaraq, bir neçə gün sonra bank əməkdaşı yenidən zəng edərək əgər ödəniş edilməsə, onun iş yerinə məlumat veriləcəyini və kredit sənədində göstərilən digər nömrələrə də zəng ediləcəyini bildirib.
Vətəndaş sual edir: “Mən borcumu ödəyəcəyimi bildirmişəm və dəstəyi cavablandırıram. Əvvəllər heç bir gecikməm olmayıb. Belə halda, niyə yaxınlarıma zəng vurulmalıdır?”
Bənzər hallar bir çox digər kredit təşkilatlarında da müşahidə olunur. Məlum olur ki, bəzi BOKT-lar ödəniş gecikən kimi borcalanın qohum və tanışlarına zəng edəcəklərini bildirirlər.
Məsələ ilə bağlı Musavat.com-a danışan iqtisadçı Natiq Cəfərli deyib ki, bank və kredit təşkilatları yalnız borcalanla birbaşa əlaqə saxlamaq hüququna malikdirlər.
Borcalanın razılığı və ya imzaladığı müqavilədə konkret olaraq göstərilmədiyi halda, üçüncü şəxslərə – o cümlədən iş yerinə, yaxınlarına və ya zəmanətçi olmayan tanışlara zəng etmək şəxsi məlumatların yayılması kimi qiymətləndirilə bilər və bu, qanun pozuntusu sayılır:
“Vətəndaşlar kredit götürərkən, ümumiyyətlə, banklarla hansısa əməliyyat həyata keçirərkən, müqavilələri oxumurlar. Bəzən isə banklar vicdansızcasına bəndlər əlavə edirlər və onları əldə rəhbər tutaraq, hansısa bir problem olarkən, vətəndaşın üzərinə yüklənirlər.
Normalda bankların problemli kreditlər haqqında qaydaları var. 3 aylıq gecikmə problemli kredit sayılmır. 3 aydan sonra problemli kredit kateqoriyasına keçir və bank müqavilədə nəzərdə tutulmuş qaydada zaminlərlə əlaqə saxlayır, məlumat verir. Bunun üzərindən 6 ay keçəndən sonra bank məhkəməyə müraciət etmək hüququ qazanır. Cəmi 1 aylıq gecikməyə görə vətəndaşı şantaj etmək, şəxsiyyətinə toxunacaq addımlar atmaq qanuni və doğru deyil. Bizim vətəndaşlardan ricam ondan ibarətdir ki, banklarla müqavilə bağlayərkən hüquqşünaslarla məsləhətləşsinlər. Bəzən kiçik bir kreditə görə onlarla səhifəlik müqavilə bağlanır, həddindən artıq qəliz cümlələrlə vətəndaşın üzərində o qədər öhdəliklər qoyulur ki, sonradan bankları məsuliyyətə cəlb etmək mümkün olmur. Çünki əks iddia ilə məhkəməyə müraciət etdikdə bank çox güman ki, müqavilənin hansısa bəndini göstərəcək. belə şey6lər olmasın deyə vətəndaşlar da çox diqqətli olsunlar, müqaviləni anlayanadək oxusunlar. Vətəndaş oxumadean müqavilə imzalayır, bank isə vətəndaşın üzərinə istədiyi qədər məsuliyyət yükləyir.
Nömrələri verilən şəxslər zamin kimi müqaviləyə imza atmayıblarsa, onların hüquqi məsuliyyəti yoxdur və bankın bu şəxslərə zəng etməsi doğru deyil”.
Eyni zamanda, vətəndaş kredit müqaviləsini imzalayarkən hansı nömrələrin və nə məqsədlə istifadə olunacağına dair maddələri diqqətlə oxumalıdır. Əgər razılıq forması imzalanıbsa və orada göstərilirsə ki, gecikmə zamanı əlaqə üçün əlavə nömrələrə zəng oluna bilər, bu halda hüquqi əsas müəyyən qədər formalaşır. Amma bu da təzyiq və ya hədə yolu ilə deyil, etik davranış qaydaları çərçivəsində aparılmalıdır.
Tanınmış vəkil Əkrəm Həsənov da mövzu ilə bağlı fikrini bildirib:
“Borc alan telefon nörmrələrini banka verirsə, deməli, həmin şəxslərə zəng edilməsinə razılıq verir. Əks halda sual yaranır ki, onda sən nömrələri banka niyə vermisən? Doğrudur, bank həmin nömrələrin sahiblərinə zəng edib ödənişlərin edilməsini tələb edə bilməz. Çünki onlar zamin deyillər. Lakin zəngin özündə problem yoxdur, vətəndaş özü nömrəni verib”.
Vəkil qeyd edib ki, borcla bağlı vətəndaşın iş yerinə zəng edilməsi yolverilməzdir:
“Bu, bank sirrinin pozulmasıdır. Bank yalnız müştərinin özünə və onun göstərdiyi şəxslərə məlumat verə bilər. İş yerlərinə, qohumlara, ailə üzvlərinə məlumat verilə bilməz. Təkcə kreditdə deyil, digər bank əməliyyatlarında da buna əməl etmək lazımdır”.