Bu gün Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanda rəsmi səfərdə olan Şimali Makedoniya Respublikası Assambleyasının sədri Afrim Qaşi ilə görüşüb.
Bu barədə Referans-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.
Əvvəlcə Şimali Makedoniya Respublikası Assambleyasının sədri Milli Məclisin plenar iclas zalı ilə tanış olub. Sonra qonaqlar Milli Məclisdə Heydər Əliyev Muzeyində olublar.
Afrim Qaşi Xatirə kitabını imzalayıb.
Görüşdə spiker Sahibə Qafarova iki ölkə arasında diplomatik münasibətlərin qurulmasından ötən 30 il ərzində ölkələrimiz arasında əlaqələrin bütün istiqamətlər üzrə inkişafından məmnunluğunu bildirərək, dövlətlərarası əlaqələrimizin səmimi dostluq və qarşılıqlı hörmət üzərində qurulduğunu qeyd edib. Qeyd olunub ki, Şimali Makedoniya Assambleyasının nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının 65-ci Baş Assambleyasında iştirakı bu əməkdaşlığın daha da güclənməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Şimali Makedoniya Respublikası Assambleyasının sədri Şimali Makedoniyanın dost ölkələrlə əlaqələri daha da genişləndirmək siyasəti apardığını qeyd edərək, Azərbaycanın yerləşdiyi regionda mühüm geosiyasi əhəmiyyətə malik olan ölkələrdən biri olduğunu və bu baxımdan onunla əməkdaşlığın dərinləşdirilməsində maraqlı olduqlarını bildirib. Afrim Qaşi əlavə edib ki, parlamentlərarası əlaqələrin inkişafı hökumətlər arasında da təmasların intensivləşməsinə, qarşılıqlı səfərlərin və görüşlərin sayının daha da artmasına təkan verəcək ki, bu da öz növbəsində oxşar tarixə və dəyərlərə malik xalqlarımızın yaxınlaşmasına və ölkələrimiz arasında münasibətlərin dərinləşməsinə səbəb olacaq.
Görüşdə qonaqlara Milli Məclisin tarixi, strukturu, fəaliyyəti haqqında da məlumat verilib.