Bu gün dünyanın bir sıra bölgələrində müharibə şəraiti davam edir. Təbii ki, hər zaman müharibə və qarşıdurmalar bir müddət sonra iqtisadi mühitə öz mənfi təsirini göstərir. Hazırda neftin qiymətinin sürətlə artmasının ardınca Türkiyədə yanacaq qiymətləri də bahalaşır. Həmçinin dizelin də bahalaşacağı proqnozlaşdırılır.
Bəs bu prosesdən asılı olaraq Azərbaycanda da dizel və benzinin qiymətlərində bahalaşma gözlənilirmi? Mövzu ilə bağlı iqtisadiyyatçı Xalid Kərimli Referans-a açıqlama verib. İqtisadi məsələlər üzrə ekspert ilk nöbədə qeyd edib ki, indiki vəziyyətdə Azərbaycanda nə benzinin nə də dizel yanacağının qiymətinə heç bir təsiri olmayacaq. Çünki Azərbaycanda neftin qiyməti hələ bundan yüksək olduğu zamanlarda dizelin və benzinin qiyməti artırılıb. Yəni keçən il bundan yüksək idi.
Xalid Kərimli onu da vurğulayıb ki, hazırda sözügedən neft məhsullarının qiyməti keçən ilki qiymətlərdən daha aşağıdır. Ötən illərdə benzin-dizel qiymətləri qaldırılıb, indi isə həmin qiymətlərdən aşağı qiymətlərə satılır. Buna görə də heç bir dəyişiklik gözlənilmir. Amma bu məsələlər obrazlı desək, Tarif Şurasının “şəxsi istəyindən, arzusundan asılıdır.” Bizdə bu məsələləri Tarif Şurası tənzimlədiyi üçün bu qiymət artımının bizə heç bir təsiri olmayacağını söyləmək olar”, – deyə iqtisadçı qeyd edib.
Həmçinin mövzu ilə bağlı energetika və neft məsələləri üzrə ekspert İlham Şaban da Referans-a açıqlama verib. İlham Şaban mövzunu qısa şəkildə şərh edərək bildirib ki, Azərbaycanda daxili bazardakı qiymətlər dövlət tərəfindən tənzimləndiyi üçün ölkəmiz hazırda xarici bazarlardan asılı deyil. Bu məqamı nəzərə alaraq ümumiyyətlə Azərbaycan vətəndaşlarının, narahat olmasına heç bir səbəb yoxdur.
Məmmədov Hüseyn
Referens