“Hazırda dollar həm avro, həm də digər valyutalar qarşısında zəifləyir”.
Referans bildirir ki, bunu Globalinfo.az-a iqtisadçı Elçin Rəşidov deyib.
Onun sözlərinə görə, avronun möhkəmlənməsinin əsas səbəbi ABŞ və Çin arasındakı ticarət danışıqlarındakı qeyri-müəyyənlikdir:
“Bununla yanaşı, ABŞ-ın daxili iqtisadi vəziyyəti də dolların zəifləməsinə yol açır. İnvestorlar artıq bu valyutaya əvvəlki qədər güvənmir. Son vaxtlar avrozonada iqtisadi sabitlik müşahidə olunur və bu, Avropaya gələcəkdə daha çox investisiya axını üçün şərait yaradır”.
İqtisadçı bildirib ki, manat dollara bağlıdır və bunun fonunda avro qarşısında da dəyər itirir:
“Bu, inflyasiya riskini artırır. Manatla bağlı uzun müddətdir ki, devalvasiya təhlükəsi gözlənilirdi. Hazırkı vəziyyət bu ehtimalı bir qədər azaldır. Qeyri-neft sektorunun inkişafı üçün manatın digər valyutalar qarşısında müəyyən qədər ucuzlaşması zəruri idi. Dolların zəifləməsi bu baxımdan fürsət yaradır, amma hələ kifayət deyil. Əgər tendensiya belə davam edərsə, manatın daha da zəifləməsi qeyri-neft sektoruna müsbət təsir göstərə bilər”.