Latviya və Litvada hava həyəcanı: NATO qırıcıları havaya qaldırıldı

Latviya və Litvada hava məkanına yönəlmiş mümkün təhlükə səbəbindən həyəcan siqnalı verilib. Belarus və Rusiya sərhədinə yaxın ərazilərdə mənşəyi müəyyən edilməyən hava obyektlərinin aşkarlanmasından sonra təhlükəsizlik tədbirləri gücləndirilib, NATO-nun döyüş təyyarələri isə mümkün hava məkanı pozuntusuna cavab vermək üçün havaya qaldırılıb.

Referans Media xəbər verir ki, Litvanın Milli Böhranların İdarə Olunması Mərkəzi Belarus hava məkanından Baltik ölkələri istiqamətində hərəkət edən naməlum hava obyektinin qeydə alındığını açıqlayıb. Bundan sonra NATO-nun Baltik hava məkanında patrul xidməti həyata keçirən qırıcıları döyüş hazırlığı vəziyyətinə gətirilib.

Latviya Silahlı Qüvvələri Belarusla sərhəddə yerləşən Ludza rayonunun sakinlərini təhlükəsiz yerlərə keçməyə çağırıb. Daha sonra xəbərdarlıq Auqşdauqava və Kraslava ərazilərini də əhatə edib.

Ordudan bildirilib ki, hava hücumundan müdafiə bölmələri və pilotsuz uçuş aparatlarına qarşı müdafiə sistemləri tam hazırlıq vəziyyətinə gətirilib.

Litvada isə paytaxt Vilnius, eləcə də Kaunas və ətraf bölgələrdə sakinlərə sığınacaqlara getmək, alçaqdan uçan və ya şübhəli obyektlərə yaxınlaşmamaq barədə xəbərdarlıq edilib.

Hava həyəcanı mülki aviasiyanın fəaliyyətinə də təsir göstərib. Vilnüs və Kaunas hava limanlarında tətbiq olunan müvəqqəti məhdudiyyətlər səbəbindən uçuşlarda gecikmələr yaşanıb.

Vilnüs Hava Limanında uçuşlar qısa müddət dayandırıldıqdan sonra bərpa olunub. Kaunas Hava Limanında isə əməliyyatlara müvəqqəti fasilə verilib.

Litva rəsmiləri hava məkanında hava şarlarına xas izlərin də müşahidə olunduğunu bildirərək hadisənin Belarusdan qaynaqlanan hibrid fəaliyyətlə əlaqəli ola biləcəyini istisna etməyiblər.

Bununla belə, NATO qırıcılarının havaya qalxmasına səbəb olan obyektin hansı ölkəyə məxsus olduğu və ya onun tipi barədə hələlik rəsmi məlumat verilməyib.

Son hadisə Rusiya-Ukrayna müharibəsi fonunda Baltik regionunda hava təhlükəsizliyi ilə bağlı narahatlıqları bir daha gündəmə gətirib. Daha əvvəl də Ukraynaya məxsus bəzi pilotsuz uçuş aparatlarının marşrutdan yayınaraq NATO üzvü ölkələrin hava məkanına daxil olduğu barədə məlumatlar yayılmışdı.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki