image-marketbackend

Marketdəki bu məhsullar təhlükə saçır – Üzərindəki yazıya baxın

Sosial şəbəkələrdə marketlərdə satılan idxal məhsulları ilə bağlı narazılıqlar səsləndirilir. Bildirilir ki, bu malların üzərində məlumatlar Azərbaycan dilində yazılsa da, tərcümələri yanlışdır. Belə səhvlərin isə alıcıların düzgün məlumat əldə edə bilməməsinə və hətta sağlamlıq problemlərinə səbəb olacağı vurğulanır.

Bu cür halların qarşısını almaq üçün dövlət qurumlarının nəzarəti və cərimə mexanizmi necə işləyir?

Referans xəbər verir ki, globalinfo.az-a danışan qida məsələləri üzrə mütəxəssis Ağa Salamov deyib ki, etiket məlumatlarının düzgün və aydın verilməsi qanunvericiliklə tənzimlənir:

“Yanlış və ya qeyri-dəqiq tərcümə istehlakçının sağlamlığı və hüquqları baxımından ciddi risklər yarada bilər. Əsas məsuliyyət idxalçı şirkətlərin üzərindədir. Yəni onlar məhsulun etiketlənməsinin qanunvericiliyə uyğun aparılmasına və tərcümələrin düzgünlüyünə cavabdehdir. Market şəbəkələri idxalçının təqdim etdiyi məhsulu dəyişmədən satırlarsa, birbaşa məsuliyyət daşımırlar. Amma məlumatlarda aşkar uyğunsuzluq varsa və bu gözardı edilirsə, müəyyən dərəcədə öhdəlik daşıya bilərlər”.

Ekspert bildirib ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bəzi riskli məhsulların etiketini əvvəlcədən nəzərdən keçirir:

“Marketlərdə xüsusən uşaq qidaları, konservləşdirilmiş mallar və ət məhsulları üzrə monitorinq və planlı yoxlamalar mütəmadi aparılmalıdır. Yeni sistemlər idxal və istehsal zəncirini daha şəffaf edir, etiket uyğunsuzluqlarının tez aşkarlanmasına imkan verir. Tərcümə səhvləri təkcə texniki məsələ deyil, ictimai sağlamlıq və istehlakçı hüquqları baxımından təhlükə yaradır. İdxalçılar peşəkar xidmətlərdən istifadə etməli, etiketi qida mütəxəssisləri ilə birgə hazırlamalıdırlar. Ümumiyyətlə, qeyd edilən hallarla qarşılaşan istehlakçılar AQTA-nın “1003” çağrı mərkəzi və ya qurumun rəsmi saytına müraciət edə bilərlər”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki