Meyvə və tərəvəzlər tarladan süfrəmizə gələrkən özləri ilə dərman preparatlarının qalıqlarını da gətirirlər. Pestisidlər adlanan kənd təsərrüfatı dərmanlarının qalıqları, yediyimiz meyvə-tərəvəz vasitəsilə bədənimizə daxil olur.
Məlumat üçün bildirək ki, pestisid – bitkilərdə zərərverici və xəstəliklərinə, alağa, taxıla və taxıl məhsullarına, pambıq məmulatları və s. mübarizədə istifadə edilən kimyəvi maddədir. Belə kimyəvi maddələr, kənd təsərrüfatında becərilən mədəni bitkiləri və məhsulları ziyanvericilərdən qorumaq, eləcə də bitkilərin məsuldarlığını artırmaq üçün istifadə olunur.
Bəs, meyvə və tərəvəzləri yumaqla kimyəvi maddələrin qalıntılarını təmizləmək mümkündürmü?
Referans xəbər verir ki, mütəxəssislər bu məsələ ilə bağlı ciddi xəbərdarlıq edirlər. Bildirirlər ki, kimyəvi maddələrə məruz qalmış tarla məhsulları əvvəlcə axar su ilə yuyulub, sonra uzun müddət duzlu və ya sirkəli suda saxlanılmalıdır. Suda saxlandığı müddətdə yumşaq bir fırça ilə sürtmək bəzi maddə qalıqlarını azaldır. Başqa bir təcrübə isə pestisid qalıqlarını təmizləmək üçün qazlı suyun adi kran suyundan daha effektiv olduğunu göstərir.
Digər vacib məqam – meyvə və tərəvəzlərin qabıqlarının soyulmasıdır. Hər nə qədər vitamin onların qabığında olsa da, qabığını soymaq kimyəvi qalıqları əhəmiyyətli dərəcədə azaldır.
Meyvə-tərəvəzdə pestisidlərin olub-olmadığını müəyyən etmək mümkündürmü?
Xeyr, bunu müəyyən etmək mümkün deyil. Kimyəvi maddələrlə çirklənmiş tərəvəz və meyvələri qeyd etdiyimiz qaydalara uyğun yumaq sağlamlığımız üçün atacağımız ən yaxşı addımdır.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bitki mühafizə vasitəsi, pestisid və bioloji preparatların istehsalı, idxalı, ixracı, daşınması, saxlanılması, satışı və tətbiqi ilə bağlı qaydalara əməl olunması, baş verə biləcək təhlükələrin qarşısının alınması məqsədilə mütəmadi olaraq zəruri tədbirlər həyata keçirir. Görülən işlərə vizual-maarifləndirici tədbirlər də daxildir. Belə maarifləndirici çarxlarda kimyəvi maddələr, onların daşınması, saxlanması və tətbiqi qaydaları haqqında ətraflı məlumat verilir. Eyni zamanda kimyəvi maddələrlə işləyən zaman istifadə edilməli olan geyimlər, zəhərlənmə zamanı yardım göstərilməsi üsulları əks olunub.
Qeyd edək ki, ölkəmizdə qida məhsullarında pestisidlərin qalıq miqdarının təyini sınaqları beynəlxalq standartlara uyğun aparılır. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Milli Referens Laboratoriyasında 600-ə yaxın pestisid qalığının təyini həyata keçirilir.