image-qadinmeyitttbackend

Azərbaycanda 2 il əvvəlki qətlin ÜSTÜ AÇILDI: qadını öldürüb meyitini meşədə gizlətdi

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi tərəfindən əvvəlki illərdən bağlı qalmış cinayətlərin açılması istiqamətində birgə icra olunan kompleks istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində daha bir xüsusilə ağır cinayətin üstü açılıb.

Hər iki qurumun mətbuat xidmətlərindən Referans-a daxil olan birgə məlumatda bildirilir ki, keçirilən tədbirlərlə müəyyən edilib ki, 2023-cü il iyulun 18-də Xəqani Rəhmətov Gülxar Cahangirovanın köməksiz vəziyyətindən istifadə edərək onu taksi kimi ünvana aparacağı bəhanəsi ilə idarə etdiyi avtomobilə əyləşdirib. Daha sonra Xaçmaz rayonu, Xaspoladoba kəndi istiqamətində yerləşən Qudyalçay çayının kənarına apararaq avtomobildən endirib ona məxsus pul kisəsini götürüb. Fiziki zor tətbiq edərək qadını arxaya itələyib yıxıb, bir neçə saat sonra həmin yerə qayıtdıqda onun öldüyünü aşkar edib. Meyiti avtomobilə yerləşdirib Xaçmaz rayonu, Əzizli kəndi istiqamətindəki meşəlik əraziyə apararaq, cəsədi və zərərçəkmişə məxsus əşyaların olduğu bağlamanı meşənin dərinliyində gizlədib.

Xaçmaz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3 (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 181.3.3-cü maddələri (zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədilən quldurluq) ilə ibtidai istintaqı davam etdirilən cinayət işi üzrə Xəqani Rəhmətov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Təqsirləndirilən şəxs barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Xaçmaz rayon məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq və əməliyyat-axtyarış tədbirləri davam etdirilir.

Əvvəlki illərdən bağlı qalmış cinayətlərin açılması Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin daim diqqət mərkəzində saxlanılmaqla bu istiqamətdə işlər davam etdirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki