Xəbər verdiyimiz kimi, Lerik rayonunda itkin düşən şəxsin meyiti tapılıb.
Referans lent.az-a istinadən xəbər verir ki, meyiti tapılan şəxs öldürülübmüş. Onun qətlində isə 2-ci Qarabağ müharibəsi iştirakçısı şübhəli bilinir.
Belə ki, iyunun 1-də Lerik rayonunda itkin düşən 35 yaşlı Şahin Şərifovun xüsusi amansızlığa məruz qalan, baş və bədənində güllə yarası olan meyiti rayonun Monidigah kəndinin ərazisində yerləşən çayın kənarında aşkarlanıb.
Polis və prokurorluq əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə cinayət əməlini törətməkdə şübhəli bilinən Lerik rayon sakini, müharibə veteranı 34 yaşlı Elşən Ağayev saxlanılaraq həbs edilib.
Qazinin yaşadığı evdən cinayətdə istifadə olunan nömrəsi silinmiş “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 159 ədəd patron aşkarlanaraq götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanan cinayət işinin istintaqı aparılır.