Bildiyimiz kimi, hazırda Məhərrəmlik ayıdır. Bu ayda Aşura günü ilə bağlı müxtəlif dini ənənələr və mərasimlər icra olunur. Həmin gün məscidlərə üz tutan bəzi insanlar qollarına qara ip bağlayır, bunu Aşura mərasiminin bir hissəsi kimi qəbul edirlər. Lakin bu adətin dini mahiyyəti və mənası barədə fərqli fikirlər mövcuddur.
Bəs Aşura günündə qola bağlanan qara ipin mənası nədir?
Referans Media bildirir ki, Globalinfo.az-a danışan Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının üzvü, ilahiyyatçı Rüfət Qarayev deyib ki, Aşura günü İmam Hüseynin və onun əshabı və Əhli-beytinin şəhadətə yetdiyi gündür:
“O gün insanlar məscidlərə üz tutur və hərə bir yol ilə imamın matəmini qeyd etdiyini bildirir. Aşura günü xüsusi olaraq yaxşı olar ki, biz İmam Hüseynin şücaəti, Kərbəla məktəbinin bizə öyrətdiyi vəfa, sədaqət, mərdlik, igidlik və sair dərslərini öyrənək. Şəhidlik ruhunda yaşayaraq, gələcək nəsillərimizi də bu ruhda tərbiyə edək. Necə ki, 44 günlük müharibədə igidlərimizin Həzrəti Hüseynə (ə) olan sevgilərinin döyüş meydanında necə onlara ruh verdiyinin şahidi olduq”.
Aşura günü qola qara ip bağlamaq məsələsinə gəlincə, Rüfət Qarayev bunun şəriətlə heç bir qadağası olmadığını bildirib:
“Nə də ki, bu işin dini bir əsası yoxdur. Düşünürəm ki, əsası olmayan və hətta xurafat olan bu əməlin yerinə daha məntiqli və mənəviyyata söykənən əməllər etsək Kərbəla məktəbinin ruhuna daha yaxın olar”.
