Son dövrlər məktəblilərin iştirakı ilə baş verən kriminal hadisələrin artması cəmiyyətdə ciddi narahatlıq doğurur. Xüsusilə azyaşlılar arasında zorakılıq, dava və hətta soyuq silahdan istifadə halları artıq tendensiya kimi qiymətləndirilməyə başlayıb.
Ağstafada məktəbdə baş verən son bıçaqlanma hadisəsi də bu narahatedici mənzərənin növbəti nümunəsi oldu. Hadisə şəhərin 3 nömrəli tam orta məktəbində qeydə alınıb. İlkin məlumata görə, məktəbli dava zamanı bıçaq xəsarəti alaraq xəstəxanaya yerləşdirilib və hazırda vəziyyətinin kafi olduğu bildirilir.
Bu kimi hadisələrin artması fonunda əsas suallar qalır: gənclər və məktəblilər arasında kriminal davranışın artmasının arxasında hansı səbəblər dayanır? Bu, sosial mühitin təsiridir, ailədaxili problemlərin nəticəsidir, yoxsa məktəblərdə psixoloji nəzarətin zəifliyindən qaynaqlanır?
Referans Media xəbər verir ki, Psixoloq Ülviyyə Murtuzova mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb: “Son dövrlərin hadisələri göstərir ki, bu, nə ilk hadisədir, nə də sonuncu olacaq. Bunun kökündə uşaqların məktəbə qədər hazırlığı, bağçaya davamiyyəti və orta məktəbə qəbul olunan uşaqların psixoloji testdən keçirilməsinin vacibliyi dayanır. Bu gün davranış pozuntularının sürətlə artması müşahidə olunur və bu, həm xarici, həm də daxili aqressiya fonunda baş verir. Ailədə yaşanan problemlər məktəblərdə özünü göstərir, müxtəlif oyun asılılıqları nəticəsində yaranan psixoloji çətinliklər uşaqlara sirayət edir və onların davranışında əks olunur. Bu hallar ciddi problemlər fonunda formalaşır və kökündə psixoloji pozuntular dayanır. Məktəb psixoloqlarının bu sahədə mütəmadi yoxlamalar aparmaması, uşaqlarla sistemli işləməməsi, valideynlərlə düzgün əlaqə qurulmaması və ya valideynlərin bu çağırışlara laqeyd yanaşması problemi daha da dərinləşdirir. Bununla belə, ən vacib məsələlərdən biri məktəbə qəbul olunan uşaqların psixoloji testdən keçirilməsidir. Necə ki, ailə qurarkən tibbi müayinələrlə yanaşı psixoloji yoxlamaların da vacibliyi vurğulanır, eyni yanaşma uşaqlara münasibətdə də tətbiq olunmalıdır. Çünki psixoloji xəstəliklər bəzən daha ciddi və təhlükəli nəticələrə səbəb ola bilər. Burada həm özünə, həm də ətrafdakılara zərər vermək riski mövcuddur. Bu hallar bəzən cinayətə qədər gedib çıxa bilər və artıq insan həyatının təhlükəsizliyindən söhbət gedir”.
Psixoloq əlavə edib ki, digər mühüm məsələ məktəblərdə təhlükəsizlik sistemlərinin gücləndirilməsidir: “Davranış pozuntuları olan, sosial adaptasiya problemi yaşayan bir uşağın hərəkətləri nəticəsində yüzlərlə digər uşağın zərər görməsi qəbuledilməzdir. Bu istiqamətdə həm valideynlərin daha həssas yanaşması, həm də məktəblərin təhlükəsizlik və psixoloji nəzarət mexanizmlərini gücləndirməsi zəruridir. Məktəblərdə aparılan yoxlamaların bir hissəsinin də psixoloji qiymətləndirmələrə ayrılması olduqca faydalı olardı”.






















