Mövsüm finalında aktyor heyətində baş verən ayrılıqlarla gündəmə gələn "Uzaq Şəhər" serialı yeni mövsüm öncəsi heyətini gücləndirməyə davam edir. Reytinq rekordları qıran layihəyə bu dəfə tanınmış aktyor Mustafa Avkıran qatılıb.
Referans Media xəbər verir ki, avqust ayında yeni mövsümün çəkilişlərinə başlayacaq serialın yaradıcı heyəti təcrübəli aktyorla razılıq əldə edib. Məlumata görə, çəkilişləri Mardində aparılan ekran işində Mustafa Avkıran "Kartal" adlı yeni və sirli obrazı canlandıracaq.
Türk televiziya tarixinin yaddaqalan layihələri olan "Yaprak Dökümü", "Kuzey Güney", "Çukur" və "Yeni Gelin" seriallarında rol alan aktyorun seriala qatılması izləyicilər arasında böyük maraq doğurub.
Mövsüm finalında Burç Kümbətlioğlu, Alper Çankaya, Ferit Kaya və Ceren Moray kimi tanınmış aktyorların layihə ilə vidalaşmasından sonra serialın heyətində yenilənmə prosesi davam edir.
Bundan əvvəl Onur Özaydının da aktyor heyətinə qoşulduğu açıqlanmışdı. Mustafa Avkıranın transferindən sonra isə "Uzaq Şəhər"in yeni mövsümdə hansı süjet xətti ilə tamaşaçı qarşısına çıxacağı maraqla gözlənilir.
