Türkiyənin tanınmış aktyoru və aparıcısı İlker Ayrık pərəstişkarlarını narahat edən açıqlama verib. Məşhur sənətçi keçirdiyi qəza və sonrakı sağlamlıq problemləri səbəbindən avqust ayında planlaşdırılan bütün tamaşalarını təxirə salmaq məcburiyyətində qaldığını bildirib.
Referans Media xəbər verir ki, İlker Ayrık sosial media hesabında yaşadığı hadisə barədə məlumat verərək iyulun 23-də bədbəxt hadisə keçirdiyini açıqlayıb. O, yaş parket üzərində sürüşərək yıxıldığını və nəticədə üç qabırğasının zədələndiyini bildirib.
Aktyor qeyd edib ki, iki qabırğasında çat, birində isə sınıq aşkarlanıb. Özünü qısa müddətdə toparlayaraq səhnəyə qayıdacağını düşündüyünü deyən Ayrık, sağalma prosesində əlavə olaraq pnevmoniyaya tutulduğunu açıqlayıb.
"Qabırğaların elə də asan sağalmadığını öyrəndim" deyən sənətçi pərəstişkarlarından anlayış istəyib.
Sağlamlıq vəziyyətinə görə İlker Ayrıkın avqustun 8-də Bodrumda, 12-də İstanbulda və 13-də Antalyada keçirilməsi planlaşdırılan tamaşaları təxirə salınıb.
Məşhur aparıcı ona dəstək olan və xoş arzularını göndərən hər kəsə təşəkkür edib.
