ABŞ-İsrail ilə İran arasında davam edən qarşıdurma beşinci günündə daha da şiddətlənib. Qarşılıqlı hücumlar Yaxın Şərqdə gərginliyi kritik həddə çatdırıb. ABŞ və İsrailin İran ərazisindəki hərbi hədəflərə qarşı genişmiqyaslı əməliyyatlar apardığı, Tehranın isə ballistik raketlər və pilotsuz uçuş aparatları ilə cavab zərbələri endirdiyi bildirilir. ABŞ tərəfi 2 minə yaxın İran hədəfinin vurulduğunu açıqlayıb, Tehran isə 500 raketlə cavab verdiyini bəyan edib.
Referans Media xəbər verir ki, İranın İnqilab Keşikçilərinə yaxın yarı-rəsmi “Tesnim News Agency”nin yaydığı məlumata görə, İran ABŞ-a məxsus bir F-15 Eagle qırıcısının vurulduğunu iddia edib. Məlumatlı mənbə bildirib ki, təyyarə İran Ordusunun Hava Hücumundan Müdafiə bölməsi tərəfindən məhv edilib.
Agentliyin xəbərinə əsasən, İranın “Xatəm əl-Ənbiya” Mərkəzi Qərargahı yerli istehsal hava müdafiə sistemləri vasitəsilə üç ABŞ döyüş təyyarəsinin vurulduğunu açıqlayıb. İran rəsmiləri daha əvvəl Küveyt üzərində iki ABŞ təyyarəsinin vurulduğunu bildirmiş, sonradan üçüncü təyyarənin də məhv edildiyini iddia etmişdilər.
ABŞ isə bundan əvvəl üç F-15 qırıcısının “dost atəşi” nəticəsində qəzaya uğradığını açıqlamışdı. Hadisənin baş verdiyi bildirilən Küveyt hava məkanında təyyarələrin düşməsi ilə bağlı məlumatlar Küveyt Müdafiə Nazirliyi tərəfindən də təsdiqlənmişdi.
Bazar ertəsi səhər saatlarında baş verdiyi deyilən hadisə ilə bağlı yayılan foto və videogörüntülərdə təyyarənin eniş trayektoriyası və Küveyt ərazisinə düşməsi əks olunub. Həmin görüntülər sosial mediada və bir sıra xəbər saytlarında geniş müzakirə olunub.
Qeyd edək ki, məsələ ilə bağlı ABŞ tərəfindən hələlik rəsmi təsdiq və ya əlavə açıqlama verilməyib. Müharibə şəraitində yayılan məlumatların müstəqil mənbələr tərəfindən təsdiqlənməsi çətin olduğundan, tərəflərin iddiaları ehtiyatla qarşılanır.





















