Son zamanlar NATO-nun gələcək taleyi ilə bağlı ciddi suallar yaranıb. Ukrayna müharibəsinin uzanması fonunda alyans daxilində fikir ayrılıqları açıq şəkildə görünür. Xüsusilə, ABŞ prezidenti Donald Trampın NATO ilə bağlı sərt bəyanatları, müdafiə xərcləri ətrafında yaranan gərginlik və Arktikadan Qara dənizə qədər uzanan yeni risk zonaları alyansın əvvəlki formatda fəaliyyətini davam etdirib-etdirməyəcəyi sualını gündəmə gətirib.
Referans Media xəbər verir ki ,Hərbi ekspert Səxavət Məmməd Musavat.com-a açıqlamasında bildirib ki, hazırda NATO-nun gələcəyi geniş müzakirə mövzusudur:
“Reallıq ondan ibarətdir ki, alyansın gələcəyini müəyyən edən həm birləşdirici, həm də parçalayıcı faktorlar mövcuddur. Son illərdə NATO-nun “beyin ölümü” keçirdiyi iddia edilsə də, bəzi hadisələr, xüsusilə Rusiya-Ukrayna müharibəsi təşkilata yeni nəfəs verdi. Bu savaş NATO-nun “kollektiv müdafiə” missiyasının nə qədər kritik olduğunu yenidən xatırlatdı. Finlandiya və İsveçin neytrallıqdan imtina edərək NATO-ya qoşulması Rusiya təhdidinə qarşı təşkilatın vacibliyini ortaya qoymuş oldu. Əvvəllər hərbi xərclərə meyilli olmayan Avropa ölkələri (xüsusilə Almaniya) artıq müdafiə büdcələrini kəskin şəkildə artırırlar.
Rusiya təhdidi olsa da, Avropa ölkələri təhlükəsizlik məsələlərinə önəm versə də, alyansın parçalanması üçün amillər də az deyil. NATO-nun əsas sütunu ABŞ-dir. ABŞ Venesuela məsələsindən sonra açıq şəkildə bildirdi ki, onun üçün əsas hədəf qərb yarımkürəsidir. Birbaşa eyni olmasa da, ABŞ Monro doktrinasına bənzər addımlar atır.
Əvvəllər ABŞ üçün əsas hədəf kimi Rusiya və Çin görünürdü, bu, açıq dilə gətirilirdisə, hazırda ABŞ Venesuela, Kuba, Kolumbiya, Kanada, Qrenlandiyaya fokuslanıb. Hətta ABŞ-nin milli təhlükəsizlik doktrinasında Rusiya təhdid kimi göstərilmədi. Yeri gəlmişkən, bu da Avropa ölkələrini narazı saldı. Hətta Almaniya açıq şəkildə bəyan etdi ki, ABŞ üçün Rusiya təhdid olmasa da, onlar üçün bir nömrəli təhdid Moskvadır. Türkiyə, Macarıstan və digər üzv ölkələrin bəzən alyansın ümumi xəttindən fərqlənən xarici siyasət yürütməsi qərarvermə prosesini çətinləşdirir.
ABŞ-nin əsas rəqib kimi Rusiyanı deyil, Çini görməsi NATO-nun Avropadakı fəaliyyətinin prioritetini azalda bilər. NATO-nun Avropadakı ən güclü ordusu Türkiyə sayılır. Türkiyə də axtarışlar içərisindədir. Pakistanın müdafiə sənayesi naziri yanvarın 15-də təsdiqlədi ki, Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında üçtərəfli müdafiə sazişinin layihəsi artıq hazırlanıb və hər üç ölkənin hökuməti tərəfindən nəzərdən keçirilir.
Türkiyənin xarici işlər naziri Hakan Fidan da İstanbulda keçirdiyi mətbuat konfransında bu danışıqların getdiyini təsdiqləyib, lakin hələlik rəsmi imzanın atılmadığını, müzakirələrin davam etdiyini bildirib. “İslam NATO”su kimi qiymətləndirilən bu proses effektiv ola bilər. Türkiyənin yüksək hərbi təcrübəsi, sürətlə inkişaf edən müdafiə sənayesi, Pakistanın nüvə gücü, ballistik raket texnologiyası və böyük canlı qüvvəsi, Səudiyyə Ərəbistanının isə nəhəng maliyyə resursları və hərbi investisiya potensialı birləşəndə həqiqətən də çox güclü bir ittifaq göz önündə canlanır.
İddialar var ki, layihədə NATO-nun 5-ci maddəsinə bənzər bir bənd var: “Birimizə edilən hücum hamımıza edilmiş sayılır”.
2025-ci ildə Pakistan və Səudiyyə Ərəbistanı ikitərəfli müdafiə paktı imzalayıb. Türkiyənin bu sazişə qoşulması regional güc balansını kökündən dəyişə bilər”.
Hərbi ekspertin sözlərinə görə, NATO-nu ən çox sorğulayan, Avropanın təhlükəsizlik məsələsini daim qabardan əsas ölkə Fransadır:
“Yeri gəlmişkən, “Avropa ordusu” iddiası da Fransa tərəfindən irəli sürülüb. Hətta Fransa parlamentinin aşağı palatasında NATO-dan çıxmaqla bağlı qanun layihəsi də müzakirəyə çıxarılıb.
Nəzərə almaq lazımdır ki, “Avropa ordusu” iddiası mümkün variant kimi görünsə də, bunun real olması asan məsələ deyil. Burada təkcə hərbi amillər yox, həm də siyasi amillər var. Ona görə də avropalılar NATO-nun dağılmasındansa Avropa eyni təşkilat altında Avropa qanadını gücləndirmək istəyirlər. ABŞ Qrenlandiyanı ilhaq etmək niyyətini açıq şəkildə bəyan edir. Əgər bu proses reallaşarsa, NATO-nun taleyi ilə bağlı suallar qısa zamanda aydınlaşacaq”.






















