Regionda sülh gündəliyinin aktuallaşdığı bir vaxtda Zəngəzur dəhlizi (TRİPP) ətrafında müzakirələr yenidən ön plana çıxır. Türkiyənin xarici işlər naziri Hakan Fidanın bildirib ki, Azərbaycan və Ermənistan arasında əldə olunacaq yekun razılaşma ilə yanaşı, bu dəhlizin praktiki icrası üçün də intensiv diplomatik və texniki işlər aparılır. Fidanın sözlərinə görə, hazırda əsas maneələr texniki xarakter daşıyır. Lakin məqsəd razılaşmanı mümkün qədər tez imzalamaq, paralel şəkildə Türkiyə–Ermənistan münasibətlərinin normallaşmasını sürətləndirmək və Cənubi Qafqazda uzunmüddətli sabitlik və rifah üçün real zəmin yaratmaqdır.
Zəngəzur dəhlizi Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə birləşdirməklə yanaşı, Türkiyənin Türk dünyasına və Orta Asiyaya birbaşa çıxışını təmin edən strateji xətt kimi qiymətləndirilir. Bu marşrut təkcə nəqliyyat layihəsi deyil, eyni zamanda regionda iqtisadi inteqrasiyanın, ticarət dövriyyəsinin və qarşılıqlı asılılığın artmasına xidmət edən mühüm amildir.
Maraqlıdır, bu dəhlizlə bağlı proseslər nə zaman yekunlaşacaq?
Referans Media xəbər verir ki ,məsələ ilə bağlı News24.az-a danışan politoloq Elçin Xalidbəyli bildirib ki, Zəngəzur dəhlizinin açılması təkcə Azərbaycan və Ermənistan üçün deyil, eyni zamanda region ölkələri və xüsusilə Türkiyə baxımından strateji əhəmiyyət daşıyır:
“Bu layihə Cənubi Qafqazın nəqliyyat və geosiyasi xəritəsini köklü şəkildə dəyişə biləcək potensiala malikdir. İlkin mərhələdə Ermənistan Zəngəzur dəhlizinin reallaşmasına ciddi şəkildə əngəl törədirdi. Lakin zamanla Paşinyan hakimiyyəti bu mövqeyin Ermənistanın öz maraqlarına zidd olduğunu anlamağa başlayıb. Paşinyan hökuməti artıq başa düşür ki, Zəngəzur dəhlizi Ermənistan üçün təcriddən çıxış və iqtisadi dirçəliş baxımından xilas yolu ola bilər. Bu dəhliz vasitəsilə Ermənistan regional layihələrə qoşula, tranzit ölkəyə çevrilə və iqtisadi gəlirlər əldə edə bilər”.
Elçin Xalidbəylinin sözlərinə görə, 2025-ci ilin avqust ayında Vaşinqtonda imzalanmış üçtərəfli bəyannamə bu prosesdə mühüm dönüş nöqtəsi olub və həmin sənəddə dəhlizin TRİPP adı altında açılması ilə bağlı razılıq əldə edilib. Bu razılaşmadan sonra Azərbaycan və Türkiyə öz ərazilərində praktiki hazırlıq mərhələsinə keçib:
“Hazırda Azərbaycan və Türkiyə ərazisində Zəngəzur dəhlizi ilə bağlı yol çəkilişi və infrastruktur inşası demək olar ki, yekunlaşıb. Bu göstərir ki, Bakı və Ankara layihəyə tam hazırdır və siyasi iradə ilə yanaşı texniki imkanlar da mövcuddur. Bu proses böyük ehtimalla bu ilin yaz aylarına qədər tam başa çatacaq”.
Politoloq diqqətə çatdırıb ki, əsas problem hələ də Ermənistan ərazisində qalır. Onun sözlərinə görə, bu ölkədə dəhlizlə bağlı real və genişmiqyaslı işlərə başlanılmayıb və məsələ hələ də siyasi müzakirə predmetidir:
“Ermənistanda hazırda ən həlledici amil parlament seçkiləridir. Bu seçkilərin nəticəsi Zəngəzur dəhlizinin taleyinə birbaşa təsir göstərəcək. Əgər Rusiya öz təsir imkanlarından istifadə edərək Ermənistanda ona loyal qüvvələri hakimiyyətə gətirə bilsə, Kreml bu dəhlizin açılmasını ya bloklaya, ya da prosesi ciddi şəkildə ləngidə bilər. Alternativ variant kimi isə Rusiya bu dəhlizə özünün də bir tərəf kimi daxil olmasına çalışa bilər”.
Elçin Xalidbəyli hesab edir ki, əgər Rusiyanın Ermənistanda siyasi dəyişiklik planları baş tutmasa və Paşinyan hakimiyyəti mövqelərini qoruya bilsə, bu halda dəhlizin Ermənistan ərazisindən keçən hissəsinin də icrası mərhələli şəkildə tamamlanacaq. Nəticə etibarilə, bütün siyasi və texniki amillər nəzərə alındıqda, Zəngəzur dəhlizinin tam şəkildə istifadəyə verilməsi 2027-ci ilin əvvəlində mümkün görünür.




















