Çanakkale Onsəkkiz Mart Universitetində (ÇOMÜ) idarəetmə sistemində ciddi nöqsan aşkar edilib. İddiaya görə, universitetdə xadimə vəzifəsində çalışan bir şəxs universitetin məlumat sisteminə daxil olaraq saxta diplom əldə edib və maliyyə işləri koordinatorluğuna qədər yüksəlib.
Referans Media xəbər verir ki, şübhəli şəxs özünü universitet imtahanına girmiş və məzun olmuş kimi göstərərək saxta diplom əldə edib. Bu yolla vəzifə pillələrini qalxaraq idarəedici mövqeyə çıxıb.
ÇOMÜ Rektorluğu məsələ ilə bağlı açıqlama verib. Bildirilib ki, universitet daxilində səlahiyyətli və müstəqil bir istintaq komissiyası yaradılıb və bütün sənəd və məlumatlar ətraflı şəkildə araşdırılır.
Rektorluq açıqlamasında əlavə olunub:
“Qanunsuz hərəkətlərdə iştirak edənlər, vəzifəsini laqeydliklə yerinə yetirənlər və bu prosesdə əli olanlar barəsində ən ciddi inzibati tədbirlər görüləcək, həmçinin hüquqi orqanlara müraciət ediləcək.”
Araşdırmanın nəticələrinə əsasən həm inzibati, həm də hüquqi tədbirlərin görüləcəyi qeyd olunur.























