image-yumurta-cepbackend

Yerdə tapdığı yumurta həyatını dəyişdi: İçindən çıxanı görəndə heyrətə gəldi

Türkiyənin Sivas şəhərində yaşayan 72 yaşlı təqaüdçü biologiya müəllimi Ertuğrul Bostancı, uşaqlıq illərində təsadüfən yaşadığı maraqlı hadisə sayəsində biologiyaya olan marağını peşəyə çevirib. O, uzun illər müəllim kimi çalışdığı Sivas Atatürk Anadolu Liseyini zəngin kolleksiya ilə biologiya muzeyinə çevirib.

Referans Media xəbər verir ki, 15 il əvvəl biologiya müəllimi kimi təqaüdə çıxan Ertuğrul Bostancının bu sahəyə marağı uşaq yaşlarından başlayıb. O, bir gün yolda gedərkən yerdə gördüyü bir yumurtanı maraqla götürərək köynəyinin cibinə qoyub. Bir müddət sonra cibində hərəkət hiss edən Bostancı yumurtanın çatladığını və içindən kərtənkələnin çıxdığını görüb. Məhz bu hadisə onun biologiyaya olan marağının əsasını qoyub.

İllər sonra bu marağını peşəyə çevirən Bostancı, müəllim kimi çalışdığı dövrdə şagirdlərinə yalnız dərsliklərlə kifayətlənməyən, praktik və vizual öyrənməyə əsaslanan tədris təqdim edib. O, dünyanın müxtəlif ölkələrindən topladığı böcəklər, ilanlar, mərcanlar, dəniz ulduzları və digər canlı nümunələri ilə məktəbin dəhliz və divarlarını bəzəyərək təxminən 500 eksponatdan ibarət kolleksiya yaradıb.

Bu kolleksiya sayəsində məktəb faktiki olaraq biologiya muzeyinə çevrilib. Şagirdlər dərsə gedib-gələrkən eksponatları yaxından tanıyır, məlumat lövhələri vasitəsilə canlı növləri haqqında ətraflı bilik əldə edirlər. Muzey bir çox şagirdin biologiyaya marağının artmasına da səbəb olub.

Ertuğrul Bostancı bildirib ki, kolleksiyanın əsasını uşaqlıqdan gələn maraq təşkil edir və bu illər ərzində topladığı nümunələri şagirdlərinə elmi miras olaraq qoymaq istəyib. Onun sözlərinə görə, laboratoriya mühitində yetişən bir neçə şagirdi sonradan biologiya sahəsini seçib.

Məktəbin 9-cu sinif şagirdi Berat Ege Değirmenci isə bildirib ki, məktəbin daxilində belə bir muzeyin olması onlarda böyük maraq yaradır:
“Burada əvvəllər görmədiyim canlıları tanıdım. Xüsusilə dəniz canlıları diqqətimi çəkdi. Müəllimimizin bu qədər zəhmət çəkməsi çox təqdirəlayiqdir.”

Uzun illərin zəhməti ilə ərsəyə gələn bu kolleksiya hazırda məktəbdə qalıcı təhsil irsi kimi qorunur və gələcək nəsillər üçün dəyərli elmi mənbə rolunu oynayır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki