İsrail ordusuna məxsus Black Hawk hərbi helikopteri Qüş-Etsion bölgəsində (Qüds yaxınlığında) daşınma zamanı yerə çırpılıb.
Referans Media xəbər verir ki, bu barədə İsrail KİV-ləri məlumat yayıb.
Məlumata görə, helikopter texniki nasazlıq səbəbindən daha əvvəl məcburi eniş edib və evakuasiya olunmalı idi.
Nasaz helikopterin daşınması üçün “Yasur” tipli nəqliyyat helikopterindən istifadə olunub. “Black Hawk” xüsusi troslar vasitəsilə “Yasur”un xarici asqısına bərkidilərək havaya qaldırılıb. Lakin daşınma prosesi zamanı helikopter troslardan ayrılıb və təxminən 10 metr hündürlükdən yerə düşüb.
Hadisə zamanı helikopterin içində heç kim olmayıb. O, açıq əraziyə düşdüyü üçün insanlara və tikililərə zərər vurmayıb.
İsrail Hərbi Hava Qüvvələrinin komandanı, general-mayor Tomer Bar insidentin səbəblərini araşdırmaq üçün daxili istintaq komissiyasının yaradılması barədə göstəriş verib.























