Baltikyanı ölkələr Latviya və Litva noyabrın 10-na keçən gecə hava məkanlarına yönələn mümkün təhdid səbəbindən həyəcan vəziyyətinə keçib. Belarus və Rusiya ilə sərhədə yaxın ərazilərdə kimliyi müəyyənləşdirilməyən uçan obyektlərin aşkarlanmasından sonra təhlükəsizlik tədbirləri gücləndirilib. NATO-nun bölgədə hava patrulu həyata keçirən qırıcı təyyarələri də havaya qaldırılıb.
Referans Media xəbər verir ki, Litvanın Milli Böhran İdarəetmə Mərkəzi Belarus hava məkanından Baltikyanı ölkələr istiqamətində hərəkət edən naməlum obyekt aşkarlandığını açıqlayıb. Hadisədən sonra NATO-nun bölgədə hava patrulu həyata keçirən qırıcıları mümkün hava məkanı pozuntusuna müdaxilə etmək məqsədilə hərəkətə gətirilib. Rəsmilər hava məkanındakı vəziyyətin diqqətlə izlənildiyini bildiriblər. Lakin qırıcıların havaya qalxmasına səbəb olan obyektin kimliyi və mənşəyi barədə hələlik dəqiq məlumat verilməyib.
Latviya Silahlı Qüvvələri Belarusla sərhəddə yerləşən Ludza bölgəsinin sakinlərinə təhlükəsiz ərazilərə keçmək barədə xəbərdarlıq edib. Daha sonra xəbərdarlığın əhatə dairəsi Augšdaugava və Kraslava bölgələrinə də genişləndirilib. Latviya ordusu hava hücumundan müdafiə bölmələrinin və pilotsuz uçuş aparatlarına qarşı sistemlərin işə salındığını açıqlayıb.
Litvada isə paytaxt Vilnüs və ölkənin ikinci böyük şəhəri Kaunas da daxil olmaqla bir sıra ərazilərdə təhlükəsizlik xəbərdarlıqları edilib. Sakinlərə təhlükəsiz yerlərdə qalmaq, şübhəli və ya aşağı hündürlükdə uçan obyektlərə yaxınlaşmamaq və belə hallarla rastlaşdıqda aidiyyəti qurumlara məlumat vermək tövsiyə olunub. Hava məkanında yaranan vəziyyət mülki aviasiyaya da təsir göstərib. Vilnüs və Kaunas hava limanlarında tətbiq olunan müvəqqəti məhdudiyyətlər səbəbindən uçuşlarda fasilələr yaranıb. Vilnüs hava limanında uçuşlar qısa müddətlik dayandırıldıqdan sonra bərpa edilib. Kaunas hava limanında da uçuş əməliyyatlarına müvəqqəti ara verilib.
Litva rəsmiləri hava məkanında hava şarlarına xas izlərin də aşkarlandığını bildiriblər. Bu hadisələr Belarus mənşəli hibrid fəaliyyət ehtimalı ilə əlaqələndirilsə də, NATO qırıcılarının havaya qalxmasına səbəb olan obyektin kimliyi hələlik təsdiqlənməyib.
Baltikyanı ölkələrdə baş verənlər Rusiya-Ukrayna müharibəsi fonunda regionun hava təhlükəsizliyi ilə bağlı narahatlıqları yenidən gündəmə gətirib. Daha əvvəl Ukraynaya məxsus bəzi pilotsuz uçuş aparatlarının istiqamətini dəyişərək NATO üzvü olan qonşu ölkələrin hava məkanına daxil olduğu barədə məlumatlar yayılıb.
Moskva Kiyevi hücumlar zamanı NATO ölkələrinin hava məkanından istifadə etməkdə ittiham edir. Ukrayna tərəfi isə bəzi pilotsuz aparatların Rusiyanın elektron müdaxiləsi nəticəsində istiqamətini itirdiyini bildirir.
Son hadisədə isə naməlum obyektlərin hansı ölkəyə məxsus olduğu və haradan göndərildiyi barədə rəsmi təsdiq yoxdur.
